“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 finalında “Araz-Naxçıvan”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan səfər matçından sonrakı mətbuat konfransında bunları söyləyib:
“Ağır oyun oldu. Kubok matçları həmişə çətin keçir. Bu dönəmlərdə oynamaq futbolçular üçün ağırdır. Amma oyunun dinamikası xoşuma gəldi. Komanda meydanda yaxşı hücumlar qura bildi. Bu oyundan razıyam. Biz də bilirik ki, sıxıntımız var. Amma əfsuslar olsun ki, son oyunlarda hər şey “Qəbələ”yə qarşıdır. Son matçlardakı qırmızı vərəqələr, qapımıza verilən penaltilər… Bizdən başqa hamı danışır. Hələ ki, susmuşuq, artıq mən də danışmalıyam. Görürük ki, meydanda bizə fərqli baxırlar. Rəqibə qarşı yüngül cəzalar verildiyi halda, bizə qarşı sərtdirlər. Epizodlar göstərə bilərik ki, hakim fərqli qərarlar verib. İstədiyimiz odur ki, bizə qarşı da ədalətli qərarlar versinlər. Klub səviyyəsində etiraz etməmişik. Amma bu gün o etirazı edirəm. Bizi belə məhv etməsinlər. Biz də 11 nəfərlə oynamaq istəyirik. Hakim qərarlarının bizə qarşı düzəlməsini istəyirik.
Üç oyundur ki, azlıqda qalırıq. Verilən qərarlara etiraz etmirik. Doğru qərarlardır. Üçü də qırmızıdır. Amma epizodlar göstərərəm ki, rəqib də cəzalana bilər. Amma niyəsə rəqiblərə qarşı belə anlarda güzəştə gedilir”.
Elmar Baxşıyev Lukas Afrikonun bu gün qırmızı vərəqə aldığı epizodla da bağlı danışıb: “Epizoda baxmamışam. Görünən o idi ki, qırmızı almamaq olardı. Amma o epizod ani qərar tələb edir. Düşünürəm ki, o da istəməzdi ki, “qırmızı” alsın. Vəziyyət onu tələb etdi.
Bura gələndən qarşımda yüksək büdcə olmayıb. Az büdcə ilə burada çalışmışam. Davam edirəm. Qarşıdakı oyunumuz “Zirə”yə qarşıdır. “Neftçi” ilə matçda 4 futbolçumuzu sarı vərəqə ilə cəzalandırdılar. Mən nə düşünməliyəm? Ümid edirəm ki, hakimlər sarı vərəqələrdə başqa prizmadan yanaşmayıblar. Bizim oyunçuları rahat şəkildə cəzalandırırlar. Ağlıma pis fikirlərin gəlməsini istəmirəm. Amma hakimlərin qərarlarına etiraz edirəm”.
“Məşqçi heyəti olaraq stress içindəydik” – Azər Bağırov
“Araz-Naxçıvan”ın baş məşçqisi Azər Bağırov isə heç-heçəni belə şərh edib:
“Çətin oyun oldu. Son üç gündə demək olar ki, məşqçi heyəti olaraq stress içindəydik. Qrip virusuna yoluxmuşduq. Çətinliklərimiz oldu. Orta xətt bu gün bizi qane etdi. Əsasən də hücuma dəstək verən futbolçularımız. Biz də qalib gəlmək istəyərdik. Amma alınmayanda, alınmır. Hücumda olan gedişlər alınmadı. Üzülməyə dəyməz. Hər şey irəlidədir, heç nə bitməyib. Bu oyunun ikinci hissəsi Qəbələdə olacaq. Heyətimiz geniş deyil. Oyundan-oyuna komandanı daha yaxşı etmək istəyirik. Hər matça nəticə üçün çıxırıq”.


