Miodraq Bojoviç: “Bizim mərhələ adlamaq şansımız daha çoxdur”

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Kubokunun 1/4 finalında “Sumqayıt”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, monteneqrolu mütəxəssis 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sumqayıt” ilk 15 dəqiqədə yaxşı oynadı. Biz birinci hissənin ortalarına yaxın yaxşı oynamağa başladıq. Bunun nəticəsində qollar vurduq. İkinci yarıda müəyyən səhvlər oldu. Buna görə də iki qol buraxdıq. Yenə qol vura bilərdik. Hazırki vəziyyətdə bizim mərhələ adlamaq şansımız daha çoxdur”.

Miodraq Bojoviç ilk yarıdan sonra 3:0 hesablı üstünlüyü əldən vermələrinin səbəbi barədə də danışıb:

“Artıq oyunun taleyinin həll olunduğunu düşünmüşdük. Amma sonra oyuna nəzarəti itirdik. Cərimə meydançasına yaxın yerlərdə səhvlər etdik. Bu səhvlərin nəticəsində qollar buraxdıq”.

“Rəqibin üçüncü qolu məni məyus etdi”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Rəqibi təbrik edirəm. Gərgin və maraqlı oyun alındı. Əksər hallarda kubokda ilk oyun bir az sönük keçir. Komandaların heç biri uduzmaq istəmirdi. Sanki, ən önəmli matçlarından birinə çıxmışdılar. Futbolçularımı təbrik edirəm. İkinci hissədə yaxşı oynadılar. 0:3-dən sonra komandanın sınmadığını gördük. Komanda inanırdı ki, oyunu çevirə bilər. Rəqibin üçüncü qolu məni məyus etdi. Düşünürəm ki, top meydandan çıxmışdı. Bu, Mehdi Cənnətovun da sarı vərəqə almasına səbəb oldu. Qarşıda cavab oyunu var. Bundan əvvəl də yeni stadionumuzda “Neftçi” ilə çempionat matçında qarşılaşacağıq.

İlk yarıda rəsmən mərkəzi əldən verdik. Əslində belə təzyiqi gözləyirdik. Çünki, hər oyunumuz təzyiq altında keçir. Bu, sırf ortada və hücumda olan oyunçulara aiddir. Əfsuslar olsun ki, təzyiqdən çıxa və oyunu meydanın rəqibə aid hissəsinə keçirə bilmədik. İkinci hissədə dəyişikliklər etdik və oyunu bərabərləşdirdik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: