“Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn sələfləri Robert Levandovski və Gerd Müllerlə müqayisələrə münasibətini açıqlayıb.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən Keynin bu barədə fikirlərini diqqətinizə çatdırır:
“Belə oyunçularla müqayisə əladır, xüsusən də “Bayern”də debüt mövsümümü keçirdiyimi nəzərə alsaq. Bu, o deməkdir ki, mən hər şeyi düzgün edirəm. Əlbəttə ki, İngiltərə Premyer Liqasından sonra burada, Almaniyada olmaq qəribədir. Mən heç dili bilmirəm! Xoşbəxtlikdən, burada insanların çoxu ingilis dilində danışırlar”, deyə ingilis hücumçu vurğulayıb.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 27 qol vurub, 8 məhsuldar ötürmə verib.
Vurğulayaq ki, Keyn 23 qolla Almaniya Bundesliqasının cari mövsümünün ən sərrast futbolçusudur.
Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.
Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.


