Qurban Qurbanov: “Hər matçda dominant futbol oynaya bilmərik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri səfər matçından sonrakı mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal əldə olundu. Matç gərgin keçdi. Çox yaxşı və istəkli komanda ilə qarşılaşdıq. Sonda qalib gəlməyi bacardıq. Hər iki komandaya uğurlar arzulayıram. Belə meydançada topla davranmaq asan olmur. Bu, hər iki komanda üçün belədir. Amma rəqib burada daha çox matç keçirdiyi üçün özünü yaxşı hiss edir. Bizdə bu baxımdan problemlər olur. Hər görüşdə dominant futbol oynaya bilmərik”.

Qurban Qurbanov Avropa Liqasının pley-offunda üz-üzə gələcəkləri Portuqaliya “Braqa”sı ilə oyunlar ərəfəsindəki rotasiyalar barədə də danışıb:

“Braqa” ilə matça qədər vaxtımız var. Heyətimizdə mərkəz müdafiəçiləri az deyil. Futbolçuların başqa mövqelərdə oynamasını düşünmürəm. Hər oyunda rotasiyalar olur. Bu gün Yassin Benzya 60 dəqiqə oynadı. Marko Yankoviç də formadan uzaqdır. Rotasiyalar olacaq. Əsas heyəti qarşıdakı turlarda tam formalaşdıracağıq”.

“Qurban Qurbanova dedim ki, məni istefaya yollamayacaqsan?”

“Səbail”in baş məşqçisi Şahin Diniyev isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Drmatik oyun izlədik. Bir oyunda 5 penaltinin verilməsi yadıma gəlmir. Layiqli oyun oldu. Meydanın hər qarışında amansız mübariz getdi. Əsas məqsədimiz cinahlardan hücum etmək idi. Yeni oyunçular gəlib. Vaxt lazımdır. Zamanla daha yaxşı “Səbail” olacaq. “Qarabağ”a qarşı belə oynadıqsa, aldışalayiqdir. Düşünmürəm ki, kimsə “Qarabağ”ın qapısı qarşısında bu qədər epizod yaratsın. Heç-heçə olsaydı, daha yaxşı olardı. Oyundan əvvəl Qurban Qurbanova dedim ki, məni istefaya yollamayacaqsan? “Qarabağ”la açıq futbol oynamaq cinayətdir. Çətindir. İkinci hissədə itirəcəyimiz nəsə olmadı, açıq futbol oynadıq. Riskə getdik, futbolçularda inam yaratdıq.

Mövsümün əvvəlində məqsədimiz “6-lıq”da olmaq idi. İkinci dövrədən sonra isə gördük ki, komanda avrokuboklara vəsiqə qazana bilər. Bacardığımızın ən yaxşısını etməyə çalışacağıq.

Ağabala Ramazanov qayıtsa da, əvvəlki formada olmayacaq. Onun yoxluğu ilə barışmışıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: