Miodraq Bojoviç: “Sərgilədiyimiz oyun ürəyimcə deyil”

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Kubokunun 1/4 finalında “Sumqayıt”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, monteneqrolu mütəxəssis 1:1 hesabıyla bitən matçdan (ilk oyun 3:2) sonrakı mətbuat konfransında bunları söyləyib:

“Oyuna yaxşı başladıq. Bir neçə yaxşı qol epizodumuz var idi. “Sumqayıt” da yaxşı oynayırdı. Onlara qibtə etmək üçün səbəblər var. VAR görüntüsü ilə bağlı bir neçə vəziyyət oldu. Ola bilsin ki, bu məqamlar oyunun tempini aşağı salırdı. İkinci hissə də azarkeşlər üçün maraqlı oldu, amma bizim üçün bir az əsəbi keçdi. Çünki başa düşürdük ki, ikinci qolu buraxsaq, əlavə dəqiqələr oynamağa məcbur olacağıq. Yaxşı ki, qol buraxmadıq və növbəti mərhələyə adladıq. 15 yaşı tamam olan “Forza Neftçi” azarkeş qrupunu da təbrik edirəm. Bu gün bizə ciddi şəkildə dəstək göstərdilər”.

Miodraq Bojoviç komandanın sərgilədiyi oyundan narazı olduğunu gizlətməyib və bəzi futbolçuların durumuna da aydınlıq gətirib:

“Sərgilədiyimiz oyun ürəyimcə deyil. Daha yaxşı oynamağımızı istəyərdim. Amma biz layiqli şəkildə növbəti mərhələyə vəsiqə qazandıq. Kubokda əsas olan mərhələ adlamaqdır. Bu turnirdə hər şey mümkündür. İnanırıq ki, yaxşı nəticə göstərə bilərik. Amma biz növbəti oyunumuzu – “Araz-Naxçıvan”la matçı düşünürük. “Qarabağ”la yarımfinal oyunlarına hələ iki ay vaxt var.

Lukas Melano çoxdandır ki, zədəlidir. Fiziki durumunu bərpa edir. Ağadadaş Salyanski bizimlə işləyib. Ona diqqətlə baxacağıq. Əsas heyətə cəlb edilməsi haqda düşünəcəyik”.

Samir Abasov: “Bu oyunu da xilas edə bilərdik”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə “Neftçi” ilə cavab görüşünə belə şərh verib:

“Bu gün mərhələni keçə bilməsək də, futbolçularımın oyunundan zövq aldım. Çox yaxşı oynadılar. Zədəlilərimiz var idi, sistemimizi də dəyişmişdik. Futbolçularımın udmaq istəyini gördüm. Rəqibi təbrik edib, qarşıdakı matçlarda uğurlar arzulayıram.

Doqquz gündə eyni rəqiblə oynamaq yorucu oldumu? Zərrə qədər də yorucu olmadı. “Neftçi” digər oyunları da bu heyətlə oynamışdı. Oyun üslubu da eyni idi. Məşqçilər olaraq çətinlik çəkmədik. Uşaqların bu üç oyunu eyni tonusda keçirməsi çox xoş idi. Futbolçularım mərhələni keçmək istəyirdilər. Kubokda mübarizəni dayandırmağımıza ilk oyundakı səhvlərimiz səbəb oldu. Bu oyunu da xilas edə bilərdik. Bərabər oyun getdi. Bəzi vəziyyətlərdə daha üstün oyunumuz göründü. “Sumqayıt” bu yolu tutubsa, qələbə də, məğlubiyyət də olacaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: