“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyovun ilk məşqçisi Dmitri Qulenkov yetirməsinin cari mövsümdəki çıxışını qiymətləndirib.
Arena.az “Metaratings.ru” portalına istinadən, “Qarabağ”ın Avropa Liqasının 1/8 finalına yüksəlməsindən sonra Qulenkovun Lunyov haqda səsləndirdiyi fikirləri təqdim edir:
“Mən onu son iki oyunda görmüşəm. O, olduğu kimi qalıb. Ancaq Andrey daha yaxşı qapıçı ola bilərdi, yalnız öz rəyi buna mane oldu. “Qarabağ” onun üçün yeganə imkandır. İndi o, özü özünə sübut edir. O, Akinfeyevin səviyyəsinə heç vaxt çatmazdı. İqor sabitdir, amma Andreydə bu, yox idi. Lunyov başqa bir yol seçdi. O, Rusiya Premyer Liqasına qayıtmayacaq – onun təkəbbürü yüksəkdir”, deyə Qulenkov vurğulayıb.
Xatırladaq ki, 2023-cü ilin yayında “Bayer”dən “Qarabağ”a keçən Andrey Lunyovun Ağdam klubu ilə müqaviləsinin müddəti bu ilin iyununda başa çatır. 32 yaşlı qolkiper cari mövsümdə Azərbaycan çempionunun heyətində 22 oyuna çıxıb, 29 qol buraxıb, 7 qarşılaşmada qapısının toxunulmazlığını təmin edə bilib.
Lunyov daha öncə “Zenit”, “Kaluqa”, “Ufa”, “Torpedo” (Moskva), “İstra”, “Saturn” və “Bayer”də də forma geyinib. O, Rusiya milli komandasında da 7 oyuna çıxıb.


