Bundesliqanın 23-cü turunda “Leypsiq”ə qarşı oyun (2:1) “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn üçün əlamətdar olub.
Arena.az “Opta Sport” statistik-internet portalına istinadən məlumat verir ki, Keyn bu oyuna dübarə qol vurmaqla, liqa mövsümündə ev oyunlarında vurduğu qollar üzrə şəxsi rekordunu (17 qol) təkrarlayıb.
Keyn bu nailliyətinə daha əvvəl İngiltərə Premyer Liqasının 2016/2017 mövsümündə “Tottenhem”də çıxışı zamanı imza atmışdı.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 31 qol vurub, 8 məhsuldar ötürmə verib.
Vurğulayaq ki, Keyn 27 qolla Almaniya Bundesliqasının cari mövsümünün ən sərrast futbolçusudur.
Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.
Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.


