“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 24-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Bu oyuna köklənmək bir az çətin idi. Amma onlar bunu bacardılar. Hər birində yaxşı konsentrasiya var idi. Heyətdə xeyli dəyişiklik etmişdik. Çatışmazlıqlar oldu. Lakin üstünlüyü saxlaya bildik. İlk yarıda qapalı oyun oldu, ikinci hissədə daha açıq oyun getdi. Yaxşı, sürətli hücumlar gördük. Samir Abasova uğurlar arzulayıram.
Biz bu çempionata, oyunlara uyğunlaşmışıq. Oyunçuları lazım olan dərəcədə, qaydada hazırlayırıq. Azərbaycan futbolu üçün daha da böyük çempionat olsa, biz qarışıq hamımız güclənsək, azarkeş üçün maraqlı olar. Amma bugünkü potensialımız budur və bununla da razılaşmalıyıq.
Azarkeşlər çox olanda oyunlar gözəl, daha yaxşı görünür, oyunlar da, futbolçular da aktiv olurlar. Futbolun səviyyəsini qaldırmaq üçün azarkeş amili böyük rol oynayır. Futbolçu potensialından daha da artığını etməyə çalışır. Azarkeşlər gəlsə, hamımız sevinərik. Oyunçular daha çox qol vurmaq istəyər. Daha çox faydası var. Amma əfsuslar olsun ki, vəziyyət belədir”.
Qurban Qurbanov Avropa Liqasındakı oyunlarla əlaqədar qarşıdakı “Qəbələ” və “Neftçi” ilə görüşlərinin təxirə salınması üçün müraciət etdiklərini, amma bu istəklərinin müsbət cavablanmadığını bildirib:
“Bu həftə oyun olmasaydı, daha yaxşı olardı. Bundan əvvəl də bizə lazım idi, yəni “Braqa” ilə oyundan sonra. Təxirə salındı. Amma biz yenə də müraciət etmişdik ki, bu oyunu təxirə salsınlar. Proqramda təsdiq olunub deyə, çətin olduğunu bildirdilər. Başqa çıxış yolumuz yoxdur, “Qəbələ” ilə oyuna gedəcəyik. İstirahət olsaydı, daha yaxşı idi. Çünki “Braqa” ilə cavab oyunundan sonra futbolçularımın istirahətə daha çox ehtiyacı var idi. Ehtiyatlanırdıq. Futbolçular tam bərpa olunmamışdılar. Artıq qərar qəbul olunubsa, gedib “Qəbələ” ilə oynamalıyıq. “Neftçi” ilə oyun da təsdiqlənib. Bu iki oyununun təxirə salınmasının çətin olduğunu dedilər”.
“Qarabağ”a qarşı oynaya bilmirik” – Samir Abasov
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Qarabağ”ı həm bu qələbə, həm də avrokuboklardakı möhtəşəm zəfər münasibətilə təbrik edirəm. Bu gün uduzduq, danışılası bir şey yoxdur. Uduzduğumuz komandanın gücü bəllidir. Udmaq üçün nəsə etməyə çalışdıq. Hücum xəttində dişsizlik var. Acı reallıq olsa da belə, “Qarabağ”a uduzanda futbolçuların üstünə çox getmək də olmur. Növbəti matçlara hazırlaşacağıq.
Müdafiədə o qədər də pis deyilik. “Qarabağ”dan bu mövsüm 13 qol buraxmışıq. Açıq deyim, “Qarabağ”a qarşı oynaya bilmirik. İstədiyimizi meydanda qoymağı bacarmırıq. Futbolçulardan istədiyim o idi ki, hesab nə olursa-olsun, öz dəst-xəttimizi qoruyub-saxlayaq. Hesaba köklənməli deyilik. Bu oyun da böyük hesabla bitə bilərdi. Belə oyunlarla, səhv edə-edə inkişaf edirsən. Oyunumuzun çox hissəsi alınmadı. Məşqdə etdiklərimizi meydanda təkrarlaya bilmədik. Komandamız intizamlı oynadı. Bizim əsas üstün cəhətimiz də odur. Rəqiblərə çox epizod vermirik. Amma udmaq üçün də nəsə etməliyik.
“Qarabağ” əsas heyətlə oynamadı? Bu, doğru yanaşma deyil. Adama Diakabinin maaşı mənim futbolçularımın hamısının maaşından üstündür. Əsas heyət deyilsə, Diakabini bizə versinlər. Mənim ehtiyat skamyamda əvəzedici heyətdən gələn oyunçular var. “Qarabağ”ın ikinci heyəti deyirsiz, amma onlar hər bir komandanı udmağa qadirdir. Ən azından aldıqları maaşa görə. Düzgün müqayisə deyil.
“Qarabağ”a rəqib olmaq üçün işi düz qurmalısan. “Qarabağ” bir ilin komandası deyil. “Qarabağ” “Səbail” və “Araz-Naxçıvan”a uduzub. Mövsüm ərzində belə şeylər ola bilər. Amma bunlar aldadıcı olmasın. Azərbaycan klubları Avropa komandalarına deyil, elə “Qarabağ”a baxıb dərs çıxarsınlar.
Mövsümün əvvəlində məqsədimiz çempionatda qalmaq idi. 3-4 tura çempionatda qalmağı həll edə bilərik. Çalışacağıq ki, buralarda olaq. Çünki əziyyətlə gəlib çıxmışıq. Amma reallıqlar var. Yaxın izləyicilərimiz var. Komandanın qarşısına qoyulan məqsəd nə idisə, onu yerinə yetirməyə çalışacağıq. Ən əsas məqsəd də, yaxşı komanda qurmaqdır”.


