Qurban Qurbanov: “Kaxaber Sxadadzeni yenidən görmək xoş oldu”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 23-cü turundan təxirə salınmış və bu gün baş tutan “Qəbələ” ilə oyunu şərh edib.

Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 4:0 hesabıyla qalib gəldikləri səfər matçından sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Demək olar ki, iki fərqli hissə oldu. Çox yaxşı baş məşqçiyə qarşı oynayırdıq. 5-4-1 sistemini çox düzgün və aktiv yerinə yetirən komanda ilə qarşılaşdıq. İlk hissə bizə heç də asan olmadı. İkinci hissədə erkən qol vurduq və qırmızı vərəqə də işimizə yaradı. Kaxaber Sxadadzeyə də uğurlar arzulayıram. Düşünürəm ki, ona qarşı oynamaq hamı üçün maraqlı və gərgin olacaq. Onu görmək xoş oldu. Həmişə onun komandasına qarşı hazırlığa daha çox vaxt sərf etmişəm. Bu soyuqda bizimlə olan azarkeşlərə təşəkkür edirəm”.

Baş məşqçi futbolçulardakı yorğunluqdan da danışıb: “Futbolçuların durumuna görə çox ehtiyat edirdik. “Braqa” ilə 120 dəqiqədən sonra futbolçularda yorğunluq çox idi. Bəzi futbolçuları bu gün meydana buraxmaq istəmirdim. İnanıram ki, “Neftçi” və sonrakı görüşə tam hazır olacaqlar.

Olavio Juninyonun durumuna gəlincə, zədəsinin tam ciddi olduğunu deyə bilmərəm. Amma böyük ehtimalla problem olacaq. Sabah dəqiq bilinəcək”.

Qurban Qurbanov Nəriman Axundzadə, Bəhlul Mustafazadənin ölkə xaricində oynamasına dair suallara da cavab verib:

Təcrübəm onu deyir ki, gənc futbolçuların “Qarabağ”da oynaması onların inkişafının xeyrinədir. Bu gün Avropaya getməkləri tezdir. Onların inkişafı dayana bilər. 2-3 il burda qalmaqları, sonra getmələri daha uyğun olar. Legioner həyatı yaşamaq hər futbolçu üçün asan deyil. Onların tələblərinə, yaşam tərzinə uyğunlaşmaq çətindir. Dəfələrlə demişəm ki, insan öz işini düzgün dəyərləndirməlidir. Gedəndən sonra 1-2 ay partlayış olur, sonra zəifləyirlər. Onların daim oynaması lazımdır. Futbolçular olub ki, “Qarabağ”da çıxış edəndə milli komandanın əsas üzvü idilər, gedəndən sonra 10-15 dəqiqə oynayırlar. Tək oyunçu yox, onun yaxınları da düzgün qərar qəbul etməlidir. Biz özümüz də belə hallara məsuliyyətlə yanaşmalıyıq. Çünki, onlar Azərbaycan futbolunun simalarıdırlar”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: