Kaxaber Sxadadze: “Qarabağ” başqa səviyyədir, “Qəbələ” isə…”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 23-cü turundan təxirə salınmış və bu gün baş tutan “Qarabağ”la oyunu şərh edib.

Arena.az xəbər verir ki, gürcü mütəxəssis 0:4 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qarabağ”ı Avropa Liqasında qazandığı uğurlu nəticəyə görə təbrik edirəm. 10 nəfərlə “Braqa”ya qarşı yaxşı mübarizə apardılar.

Bu oyuna gəlincə, futbol 90 dəqiqə oynanılır. İlk 45 dəqiqədə yaxşı çıxış etdik. Komanda yaxşı pressinq etdi. Daha sonra azlıqda qaldıq. Bəzi qol imkanlarımız var idi. Rəqibin vurduğu üç qolu hədiyyə etdik. “Qarabağ” səhvləri bağışlamır. Eyni zamanda bu komandaya qarşı çoxlu qol imkanları yaratmaq da çətindir. Bu oyunu unutmalıyıq. Çox çalışmalıyıq.

İlk 45 dəqiqədə 5-4-1 sistemini görə bildim. Amma bunu 90 dəqiqə etmək lazımdır. “Qarabağ”a qarşı bunu etmək bir az çətindir. Çalışdıq ki, bütün oyunçulara şans verək. Bu gün ilk hissədə göstərdiyimiz oyunu digər matçlarda 90 dəqiqə göstərsək, yaxşı nəticələr olacaq. Oyunçular başa düşməlidir ki, “Qəbələ” böyük klubdur. Burada hər şey yüksək səviyyədədir”.

Kaxaber Sxadadze yeni təyinatının qısa zamanda və gözlənilməz olmasına da münasibət bildirib:

“İki gündür burdayıq. Bura komandanı hazırkı vəziyyətdən çıxarmaq üçün gəlmişik. And içə bilərəm ki, mənə “Qəbələ”dən zəng son məğlubiyyətdən sonra gəlib. Onda da maliyyə məsələləri ilə bağlı heç bir söhbət olmadı. Komandanın 5 oyununu izləmişəm. İki günlük işimizin nəticəsini az da olsa, görə bildik. İşləmək, işləmək və işləmək lazımdır.

Azərbaycanı çox sevirəm, burada gözəl vaxtlarım olub. Səkkiz il Azərbaycanda çalışmışam. Bura mənim üçün doğma yerdir. Həmişə çempionatı izləmişəm. “Qarabağ”ı bir kənara qoyaq, onlar başqa səviyyədədir. İki oyun da udsalar, çempion olurlar. Ölkədə infrastruktur inkişaf edib, yaxşı meydançalar var. Yaxşı stadionların çox olması futbolun inkişafı üçün vacibdir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: