“Bayern”in baş məşqçisi Tomas Tuxel Bundesliqanın 24-cü turu çərçivəsində “Frayburq”la səfər heç-heçəsinə (2:2) aydınlıq gətirib.
Arena.az DAZN portalına istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“İlk yarım saatı ən yaxşı surtədə keçirmədik və hesabda geri olmağa layiq idik. İkinci hissəni daha yaxşı oynadıq və təşəbbüsə malik olsaq da, nəticə əldə edə bilmədik. Yekunda, rəqibin standart vəziyyətdən sonra qolla bəxti gətirdiyi üçün qələbə qazana bilmədik.
Fərqli qətiyyət nümayiş etdirmək istədiyimiz açıq-aşkar görünürdü, ancaq bunu buraxdığımız qoldan sonra etməyə başladıq. Bu oyun qismən qarmaqarışıq keçdi. Biz əvvəllər heç vaxt etmədiyimiz – hətta bu barədə heç danışmadığımız bir şey etdik. Bu stadionda qələbə qazanmaq üçün bir hissə kifayət deyil”, deyə Tomas Tuxel bildirib.
Vurğulayaq ki, “Bayern” yersiz heç-heçə ilə 2 qiymətli xal itirməsi nəticəsində Bundesliqa çempionluğu uğurunda mübarizəsinə daha da gölgə salıb.
Hazırda, 24 turdan sonra “Bayern” 54 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Bundesliqaya 23 oyundan 61 xalla Xabi Alonsonun “Bayer”i başçılıq edir.
Tuxelin “Bayern”i növbəti oyununu martın 9-da evdə “Maynts”a qarşı keçirəcək.


