Bukayo Saka öz futbol kumirinin adını açıqladı

Futbol üzrə İngiltərə millisinin və London “Arsenal”ının vingeri Bukayo Saka özünün futbol kumiri barədə danışıb.

Arena.az xəbər verir ki, o, hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Portuqaliya yığmasının ulduz hücumçusu, 39 yaşlı veteran Kristiano Ronaldonu kumiri adlandırıb.

Saka Ronaldoya münasibəti barədə danışarkən bunları qeyd edib:

“Mən Ronaldo kimi uzun müddət oynamağı təsəvvür edə bilmirəm. Bir çox cəhətdən ona görə də ona çox hörmət edirəm. Mən gənc olanda Kristiano mənim kumirim idi. İstədiyinə necə nail olacağını bilir. Əlbəttə, Kristiano xüsusi futbolçudur”, deyə ingiltərəli futbolçu vurğulayıb.

Xatırladaq ki, Bukayo Saka “Arsenal”ın öz yetirməsidir. O, indiyə qədər yalnız “topçular”ın uğurları üçün çalışıb.

2023/2024 mövsümündə Saka “topçular”ın heyətində 35 oyuna çıxıb, 16 qol vurub, 15 məhsuldar ötürmə verib.

22 yaşlı vinger “Arsenal”ın əsas komandasının heyətində bütövlükdə 214 oyuna çıxıb. O, bu görüşlərdə 54 qola imza atıb, 55 məhsuldar ötürmə müəllifi olub.

Sakanın “Arsenal”la mövcud müqaviləsi 2027-ci ilin iyuna ayının sonuna qədər qüvvədədir.

Saka 2020-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 32 oyuna çıxıb, 11 qol vurub, 8 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 22 yaşlı Bukayo Sakanı 120 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: