“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand “Bayern”in hücumameyilli yarımmüdafiəçisi Camal Musiala haqda danışıb.
Arena.az Rio Ferdinandın bu barədə fikirlərini təqdim edir:
“O, heyrətamiz futbolçudur. Statistikalar və məlumatlar haqqında danışdığımız dünyada o, bütün bu tələblərə cavab verir, ancaq məhz öz gözlərinizlə gördüyünüz zaman canlanır. Bu adamın “Qızıl top”u qazanmaq imkanı var. Mən artıq demişəm ki, əgər yolu düzgündürsə və uğurlu komandada olarsa, onun bu imkanı var”, deyə ingilis təhlilçi vurğulayıb.
Xatırladaq ki, “Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından da keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”dədir. Onun Almaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
2023/2024 mövsümündə Musiala “Bayern”in heyətində 29 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə verib. Musiala ötən mövsüm münhenlilərlə Bundesliqanın qalibi olub.
Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 25 oyun keçirib. O, bu oyunlarda 2 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 20 yaşlı Camal Musialanı 110 milyon avro məbləğində qiymətləndirir.


