Roy Kin: “Erlinq Haland ikinci liqa oyunçusu kimi görünür”

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Roy Kin “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Halandı tənqid edib.

Arena.az xəbər verir ki, irland mütəxəssisi İngiltərə Premyer Liqasının 30-cu turunun “Mançester Siti” – “Arsenal” oyunundan (0:0) sonra “şəhərlilər”in forvardı barədə bunları söyləyib:

“Onun ümumilikdə oyun səviyyəsi çox aşağıdır. Qapı qarşısında o, dünyanın ən yaxşısıdır. Amma kamil oyunçu kimi onun üçün bu, çox pisdir. Haland bunu təkmilləşdirməlidir. O, ikinci liqa oyunçusu kimi görünür. Mən bunu belə görürəm. Onun ümumi oyunu yaxşılaşmalıdır və bu, növbəti bir neçə il ərzində baş verəcək”, deyə Roy Kin vurğulayıb.

Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 35 oyuna 29 qol vurub və 6 məhsuldar ötürmə verib. Halandın “Mançester Siti”nin heyətində ümumi statistikası isə belədir: 88 oyun, 81 qol, 15 məhsuldar ötürmə. Norveçli qolçu həmçinin İngiltərə Premyer Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 18 qol.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.
Erlinq Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 31 oyun keçirib, 27 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı üç futbolçusundan biri olduğu deməkdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: