“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 29-cu tur çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 4:2 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Yaxşı və baxımlı futbol oynadılar. Xeyli qol epizodları və kombinasiyalı hücumlar oldu. Mövsümün sonuna yaxınlaşmağımıza baxmayaraq, futbolçularda istək var idi. Oyun nizam-intizamını qoruyub saxladılar, razı qaldım. Rəqibə uğurlar arzulayıram”.
Ağdam klubunun çalışdırıcısı narazı qaldığı hakimlikdən də söz açıb: “Bəzən emosiyaları saxlaya bilmirsən. Matç həddən artıq çox dayanırdı. Görüşün bu qədər saxlanılması yaxşı hal deyil. Futbolçu dinamikaya, mübarizəyə, yüksək tempə uyğunlaşmalıdır. Hər sadə epizoda sarı vərəqə vermək olmaz. Futbolçu sonra ikinci xəbərdarlığı ala bilər və ya növbəti turlarda cəzalı duruma düşər. Bununla komandanın taleyi həll oluna bilər. Vurulan qollarda oyundankənar vəziyyət və ya qayda pozuntusu olduğunu bilmirəm. Toral Bayramova mübarizə epizodunda sarı vərəqə verildi. Oyunun sürətini artırmaq istəyəndə matç dayanır, bu hal dəfələrlə təkrarlanır. Etirazım da buna idi”.
Qurban Qurbanov mövsümün sonunda komandadan ayrıla biləcək futbolçular barədə sualı cavablandırıb: “Mövsümün sonuna qədər vaxtımız var. Qarşıdakı günlərdə bu işlərə başlayacağıq. Daha dərindən düşünürük. Hər futbolçu komandamızın bir parçasıdır. Qarşıdakı ayda qərarları verəcəyik. Növbəti matçlarda imkan daxilində hər futbolçuya oynamaq imkanı yaradacağıq.
Andrey Lunyovla bağlı böyüdüləsi bir şey yoxdur. Bizimlə müqaviləsi var. Müəyyən danışıqlar olub. Son günlərdəki yazılara uyğun heç nə yoxdur. Hər şey qaydasındadır”.
Şahin Diniyev: “Qarabağ” Premyer Liqa klublarından yuxarıdadır”
“Səbail”in baş məşqçisi Şahin Diniyev isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Məncə, bunu deməklə Amerika kəşf etmirəm: “Qarabağ” Premyer Liqa klublarından yuxarıdadır. İlk dəqiqələrdən rəqibə problemlər yaratmaq istədik, qol da vurduq. Sadəcə, futbolçularım “Qarabağ”dan çəkindilər. Topa nəzarət edə bilmirdik. İkinci hissədə “va bank”a getdik. “Qarabağ” səviyyəli komandadır, heyəti genişdir. Bu gün onlara 2 qol vurmaq da böyük işdir. Düzdür, bizə heç nə vermir. Amma komandada özünəinam yaradır. “Qarabağ”ı həm çempionluq, həm də beynəlxalq arenada göstərdiyi nəticələrə görə təbrik edirəm.
Mövsümün sonuna 7 tur qalıb, şansımız var. Bunun üçün də mübarizə aparacağıq. Daha yuxarı yerlərə layiq komandayıq. Hər xal vacibdir. Hər komanda meydana xal üçün çıxır.
Penalti epizodunda futbolçuya heç kontakt yox idi. Oyunçu sürüşə-sürüşə rəqibin ayağına dəydi. Qoldan sonra sistemi dəyişdik, dördlü müdafiəyə keçdik. Qol vəziyyətlərimiz oldu. 2-ci qolu vursaydıq, hesabı qorumağa gücümüz çatacaqdı”.


