Maks Eberl: “İndi yeni baş məşqçi axtarışına tüpürmək istərdim”

“Bayern”in idman direktoru Maks Eberl Almaniya nəhənginin öz qarşısında qoyduğu əsas məqsəd haqda açıqlama verib.

Arena.az italyan jurnalst-insayder Fabritsio Romanoya istinadən məlumat verir ki, alman mütəxəssis hazırda komandanın yeni baş məşqçisinin axtarışından çox, Çempionlar Liqasına kökləndiyini bildirib:

“Mən baş məşqçi axtarışlarına tüpürmək istərdim. İndi bizim bütün fikirlərimiz “Arsenal”la oyuna bağlıdır. “Haydenhaym”a bütün hörmətlə, biz bu səviyyədən yuxarı komanda ilə görüşəcəyik. Sillə yeməmək üçün hər şeyi düzgün etməliyik”, deyə Maks Eberl vurğulayıb.

Xatırladaq ki, Bundesliqanın 28-ci turunda “Bayern” “Haydenhaym”la səfər oyununda 2:0 hesablı üstünlüyünü əldən verərək, 2:3 hesabı ilə məğlub olub.

“Arsenal” və “Bayern” arasında Çempionlar Liqasının ilk 1/4 final oyunu aprelin 9-da Londonda baş tutacaq. Bu komandalar arasındakı cavab oyunu isə aprelin 17-də Münhendə keçiriləcək.

Cari mövsümə Almaniya Super Kubokunda final oyunu ilə açılış Tuxelin “Bayern”inin “Leypsiq”ə 0:3 hesabılı gözlənilməz məğlubiyyəti ilə nəticələnməşdi.

Almaniya Kubokunda isə “Bayern” 1/16 finalda “Saarbrükken”ə 1:2 hesabı ilə məğlub olaraq mübarizəsinə xitam verib.

Bundesliqaya gəlincə, “Bayern” çempionluğu çox güman ki, Leverkuzen “Bayer”inə uduzub. 29-cu turda “əczaçılar”ın qalibiyyəti rəsmiləşdirmək imkanı var. 28 turdan sonra “Bayer” Bundesliqanın yarış cədvəlində 76 xalla vahid liderdir. “Əczaçılar” ən yaxın təqibçisi Almaniya nəhəngi “Bayern”i (60 xal) 16 xal qabaqlayırlar.

Göründüyü kimi, “Bayern” mövsümü qənimətsiz bitirmək təhlükəsi ilə üz-üzədir. Bu səbəbdən Almaniya nəhəngi mövsümü xilas etmək üçün bütün diqqətini UEFA Çempionlar Liqasına yönəldib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: