Almaniya nəhəngi “Bayern”in idman direktoru Maks Eberl yayda Münhen klubunda ciddi dəyişikliklərin olacağını bildirib.
Arena.az “Sky Germany” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Hesab edirəm ki, komandada çox şey dəyişməlidir! “Bayern” artıq bir dəfə məşqçisini qovub, amma nəticələr təkcə məşqçi fəsadı deyil. Yayda nəhəng dəyişikliklər gözlənilir.
Komandamız bu mövsüm Çempionlar Liqası uğrunda mübarizə aparır və gələn il də buna vəsiqə qazanacaq. Amma indi görürük ki, başqalarından bir baş üstün olan komanda yaranıb. “Bayer” layiqincə Almaniya çempionu olacaq”, deyə Maks Eberl bildirib.
Alman mütəxəssis Tomas Tuxel “Bayern”i 2023-cü ilin martından çalışdırır. Alman mütəxəssisin Münhen təmsilçisi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərə qüvvədə olsa da, Tuxel cari mövsümün bitməsi ilə “Bayern”in sükanı arxasından gedəcəyini açıqlayıb. Buna rəğmən, Tomas münhenliləri Çempionlar Liqasında qələbəyə daşımağa iddialıdır.
“Arsenal” və “Bayern” arasında Çempionlar Liqasının ilk 1/4 final oyunu aprelin 9-da Londonda baş tutacaq. Bu komandalar arasındakı cavab oyunu isə aprelin 17-də Münhendə keçiriləcək.
Cari mövsümə Almaniya Super Kubokunda final oyunu ilə açılış Tuxelin “Bayern”inin “Leypsiq”ə 0:3 hesabılı gözlənilməz məğlubiyyəti ilə nəticələnməşdi.
Almaniya Kubokunda isə “Bayern” 1/16 finalda “Saarbrükken”ə 1:2 hesabı ilə məğlub olaraq mübarizəsinə xitam verib.
Bundesliqaya gəlincə, Tuxel çempionluğu çox güman ki, Leverkuzen “Bayer”inə uduzub. 29-cu turda “əczaçılar”ın qalibiyyəti rəsmiləşdirmək imkanı var. 28 turdan sonra “Bayer” Bundesliqanın yarış cədvəlində 76 xalla vahid liderdir. “Əczaçılar” ən yaxın təqibçisi Almaniya nəhəngi “Bayern”i (60 xal) 16 xal qabaqlayırlar.
Göründüyü kimi, “Bayern” mövsümü qənimətsiz bitirmək təhlükəsi ilə üz-üzədir və bu səbəbdən Almaniya nəhəngi mövsümü xilas etmək üçün bütün diqqətini Çempionlar Liqasına yönəldib.


