“Arsenal”ın vingeri Bukayo Saka Premyer Liqanın 30-cu turunda “Brayton”u 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra duyğulanı paylaşıb.
Arena.az Sakanın bu barədə fikirlərini təqdim edir:
“Biz bilirik ki, qələbə bizi zirvəyə qaytarır. Biz sürət qazanırıq. Ötən mövsüm çox yaxşı keçmədi, amma dərslərimizi əxz etmək baxımından əla idi. Bu il özümüzü daha rahat hiss edirik. Mənə elə gəlir ki, komanda daha da yaxşılaşıb”.
Xatırladaq ki, Bukayo Saka “Arsenal”ın öz yetirməsidir. O, indiyə qədər yalnız “topçular”ın uğurları üçün çalışıb.
2023/2024 mövsümündə Saka “topçular”ın heyətində 39 oyuna çıxıb, 17 qol vurub, 13 məhsuldar ötürmə verib.
22 yaşlı vinger “Arsenal”ın əsas komandasının heyətində bütövlükdə 218 oyuna çıxıb. O, bu görüşlərdə 55 qola imza atıb, 52 məhsuldar ötürmə müəllifi olub.
Sakanın “Arsenal”la mövcud müqaviləsi 2027-ci ilin iyuna ayının sonuna qədər qüvvədədir.
Saka 2020-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 32 oyuna çıxıb, 11 qol vurub, 8 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 22 yaşlı Bukayo Sakanı 130 milyon avro məbləğində qiymətləndirir.
Sonda onu da xatırladaq ki, İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün geridə qalmış 31 turundan sonra “Arsenal” 71 xalla zirvədə qərarlaşıb. Eyni xal toplamış “Liverpul” isə 2-ci sırada yer alıb. Son çempion “Mançester Siti” hazırda 70 xalla 3-cüdür. 60 xala malik “Tottenhem” və “Aston Villa”nın isə ilk üçlükdəki komandalardan fərqli, çempionluq şansı cüzidir.


