İngiltərə millisinin də üzvü olan “Bayern”in 30 yaşlı hücumçusu Harri Keyn Almaniya komandasındakı gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az ingilis futbolçunun bu barədə cavabını təqdim edir:
“Mən Almaniyada oynamaqdan həzz alıram. “Bayern”ə keçmək karyeram üçün gərək olan addım idi. Bu, yeni çağırış, yeni mühitdir. Bu addımı atdığım üçün şadam. Mənim gələcəyim “Bayern”lə bağlıdır. Mənim dörd illik müqaviləm var. Münhendə oynamaqdan həzz alıram və ümidvaram ki, komandaya xüsusi bir mövsüm keçirməyə kömək edə biləcəyəm. Mövsümün sonu yaxşı getməsə, gələn il komandaya vəziyyəti dəyişməkdə kömək etməyə hazır olacağam”, deyə Keyn vurğulayıb.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 38 qol vurub, 12 məhsuldar ötürmə verib.
Keyn 32 qolla Bundesliqanın cari mövsümünün ən sərrast futbolçusudur. İngilis hücumçunun hesabında 7 məhsuldar ötürmə də var. Qollar və məhsuldar ötürmələrin cəmi üzrə Keyn Bundesliqanın ən səmərəli futbolçusudur.
Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.
Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.


