Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov növbəti dəfə ölkəsinin mətbuatına müsahibə verib.
Arena.az xəbər verir ki, təcrübəli qolkiper Ağdam klubunun daxili liqadakı erkən uğurunun səbəblərinə toxunub:
“Qarabağ”la sentyabrdan dekabra qədər demək olar ki, bütün dövrü çox sıx qrafiklə, üç-dörd günlük fasilələrlə oyunlar keçirirdik. Yanvarın sonundan indiyə kimi də eyni qrafik olub. Əvvəlcə Avropa Liqasının qrup mərhələsində, daha sonra pley-off mərhələsində iştirak belə sərt qrafik tələb edirdi. Mən buna öyrəşmişəm, ona görə də Rusiya milli komandasına səfər məni fiziki cəhətdən qətiyyən yormadı. Prinsipcə, “Qarabağ” təqviminin belə sıxlığı sayəsində yaxşı oyun tonusundayam və fiziki olaraq daim oynamağa az-çox hazıram.
Təbii ki, millidə, xüsusən də, azarkeşlərimizin önündə oynamaq istəyirdim. Serbiya ilə oyunda necə heyrətamiz ab-havanın olduğunu hamı gördü. Əminəm ki, həmin stadionda Paraqvayla matçda da eyni şey olacaqdı. Amma aydındır ki, baş verən faciə ilə bağlı bütün bunların artıq aktuallığı yox idi. Ona görə də, bu barədə danışmıram. Təəssüf ki, o günlərdə əsas məsələ bu deyildi. Düzünü desəm, indi də baş verənlərdən mənəvi cəhətdən tam sağalmamışam və o zaman da heç kim futbolla maraqlanmırdı”.
Lunyov hazırda Azərbaycandakı havanın və meydançaların durumundan da söz açıb:
“Qışdan sonra meydançalar da bir az yüklənmiş görünür. Demək olar ki, ot hələ yaşıllaşmayıb. Burada külək var. Hər şeyin çiçəklənməsi üçün temperatur müsbət 20 deyil. Amma tezliklə başlayacaq”.
“Bu, işə düzgün yanaşma ilə bağlıdır”
Andrey Lunyov Avropa Liqasında keçirdikləri uğurlu oyunlardan da söz açıb və indiki komandasını Rusiya klubları ilə müqayisə edib:
“Avropa Liqasında irəliləmək və məqsədə çatmaq üçün motivasiyamız yüksək idi. “Qarabağ”ın bu mövsümün ən yaxşı oyunlarını, Avropa Liqasının pley-off görüşlərini götürsək, o zaman düşünürəm ki, istənilən Rusiya klubu ilə asanlıqla oynaya bilərdik. Başqa bir sual, nəticənin necə olacağıdır. Amma mütləq Rusiyanın bütün top klublarına qarşı mübarizə verərdik. “Qarabağ”ın futboluna baxsanız, başa düşərsiniz ki, Rusiyanın bütün klubları ilə oynaya bilərik”.
Rusiyalı qolkiper “Qarabağ” Azərbaycan Premyer Liqasında finişə səkkiz tur qalmış çempionluğu təmin etməsinə də münasibət bildirib:
“Fikrimcə, bu, işə düzgün yanaşma ilə bağlıdır. O mənada ki, hər oyunda maksimum konsentrasiya bütün 90 dəqiqə ərzində saxlanılır. Bu, çətin cədvələ və digər məsələlərə baxmayaraq, belədir. Bir çox rəqib isə buna hazır deyildi. Məşqçilər korpusunun düzgün sözləri və motivasiyası, kadrların rotasiyası baxımından səriştəli yanaşma da öz təsirini göstərdi. Həkim heyətinin məşqçilərlə birgə əməyini qeyd etmək istərdim ki, onlar bizi bacarıqla hər matça optimal vəziyyətə gətirdilər. Futbolçuların özlərinin peşəkarlığından, məsələyə münasibətimizdən də deməliyik. Hər oyuna motivasiyalı, yalnız qələbə arzusu ilə çıxmışdıq. Bütün bu amillər nəticəyə təsir etdi. Ola bilsin ki, rəqiblərin problemləri də rol oynayıb, amma onların adından danışmaq çətindir. Çempionatın son oyunlarında mümkün qədər çox xal toplamaq, eləcə də qarşıda hələ yarımfinal cavab matçı olan Azərbaycan kubokunu qazanmaq üçün bütün bunları mövsümün qalan hissəsinə saxlamalıyıq. Mövsümü iki kubokla başa vurmaq əla olardı”.


