“Bayern”in baş məşqçisi Tomas Tuxel “Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti haqda fikirlərini paylaşıb.
Arena.az xatırladır ki, alman mütəxəssisin çalışdırdığı “Bayern” Çempionlar Liqasının yarımfinal mərhələsində Karlo Ançelottinin çalışdırdığı “Real”la qarşılaşacaq.
“Karlonun futbolçu və məşqçi kimi futbol üçün etdikləri böyük əhəmiyyət kəsb edir. O, əfsanədir. Ancaq eyni zamanda inanılmaz dərəcədə nəzakətli və taraz olaraq qalır. Bu, qeyri-adidir. İndi o, daha bir çempionluq qənimətinin astanasındadır və Çempionlar Liqasının yarımfinalındadır”, – “Bayern & Germany” dərgisi Tuxeldən sitat gətirir.
Ançelotti də rəqib həmkarı, alman mütəxəssis Tuxel haqda fikirlərini paylaşıb:
“Tuxel əla məşqçi, təsirli strateqdir. Ona böyük hörmətim və böyük isti münasibətim var”, – “Mundo Deportivo” nəşri Ancelottidən sitat gətirir.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının yarımfinalı çərçivəsində “Bayern” və “Real” arasında ilk oyun bu gün, aprelin 30-da Münhenin “Alyans Arena” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Cavab oyunu isə mayın 8-də Madriddə baş tutacaq.


