Ayxan Abbasov: “Bu mövzular qıcıq yaradır”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 34-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şəhr edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu oyun klub olaraq bizim üçün vacib idi. Futbolçuların psixoloji gərginlikdən çıxması, birliyimiz üçün önəmli matç idi. Rəhbərliyə təşəkkür edirəm, komandanın arxasında oldular. Turnir cədvəli baxımından həm bizim üçün, həm də rəqib üçün rahat oyun idi. Oyuna nəzarət edirdik. Amma rəqibin təhlükəli əks-hücumları oldu. Birinci hissədə rəqibin cərimə meydançasında qərarlarımız düzgün olmadı. İkinci yarımda isə yaxşı hücumlarımız oldu. Yolumuza davam edəcəyik. İki oyunumuz qalıb. Daha sonra növbəti mövsümü fikirləşəcəyik”.

Ayxan Abbasov qapıçı Kamal Bayramovun mətbuata verdiyi açıqlamalara da münasibət bildirib:

“Kamal kapitan kimi danışmalı idi. Onun danışmağında heç bir qəbahət yoxdur. Amma özünə də demişəm ki, bəzi mövzulardan uzaq olmaq lazım idi. Həmin mövzular qıcıq yaradır. Köhnə illərin söhbətlərinə qayıtmaq bu gün bizim mövzumuz deyil. Premyer Liqada möhkəmlənmək, özümüzə uyğun oyun stili formalaşdırmağa çalışırıq. Bəzən alınır, bəzən alınmır. Alınmayanda basqılar olacaq. Kamalın bir az diqqətli danışmağı daha yaxşı olardı. Tövsiyələrimizi vermişik. Kamal özü də başa düşür”.

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Hər iki komanda yaxşı mübarizə apardı. Komandalar meydanın hər zonasında əzmkarlıq göstərməyə çalışırdılar. Neçənci oyundur ki, epizodları dəyərləndirə bilmirik. Amma yarım epizoddan qol buraxırıq. Dəyişiləsi çox şey var. Amma bu komandanın özəyini saxlamaq lazımdır. Qarşıdakı iki oyunu düşünüb çempionatı başa vurmalıyıq. “Araz-Naxçıvan” Premyer Liqada yeni komandadır. Daha da yaxşı olmağa cəhd etmək lazımdır”.

Xəbəri sosial şəbəkələrdə paylaş: