Qurban Qurbanov: “Daha yaxşı Juninyo görmək istəyirik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 34-cü turunda “Zirə”yə qarşı keçirdikləri səfər matçını şərh edib.

Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu gün çox bərk bir komandaya qarşı oynayırdıq. Meydanda yaxşı mübarizə aparan və birə-bir duellərdə uduzmayan rəqiblə qarşılaşırdıq. Heç də asan olmadı. Qalibiyyət əldə etdiyimizə baxmayaraq, futbolçular bu gün çox əziyyət çəkdilər. Tam öz oyunumuzu istədiyimiz kimi göstərə bilmədik. Amma futbolçular qələbə üçün xeyli güc sərf etdilər. “Zirə”yə qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

Baş məşqçi qələbə qolunun müəllifi Olavio Juninyo barədə fikirlərini bildirib: “Juninyonun oyununda yox, meydandakı hərəkətlərində bir az geriləmə var. Məşqçi olaraq bunu başa düşürəm. Bu matçlara motivasiya etmək istər-istəməz o qədər asan deyil. Biz nə qədər buna çalışsaq da, onlar özlərini motivasiya etməyi bacarmalıdırlar. Ola bilər ki, istədiyi kimi alınmır. Gələn mövsüm daha yaxşı Juninyo görmək istəyirik. Biz onunla birlikdə bunu bacaracağıq”.

Qurban Qurbanov zədəli oyunçuların durumuna da toxunub: “Zədəlilərlə bağlı gedişata baxacağıq. Marko Veşoviçin zədəsi daha ciddi görünür. Həkimlər Yassin Benzyanın da 10-12 gün kənarda qalacağını deyirlər. Ayın 26-dakı matça hazır olmaq ehtimalı var. Andrey Lunyovun 4-5 günə sıraya dönəcəyi gözlənilir. Toral Bayramovun qabırğasında çat var. Bu gün risk etmədik”.

“Hakimin qərarını dəyişəcəyinə inanmırdım” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Futbolçulara təşəkkür edirəm. Amansız mübarizə göstərdilər. İstəkli və aqressiv idilər. Yaxşı oyunlarımızdan birini keçirdik. Rəqibimiz “Qarabağ” idi. Təəssüf ki, uduzduq. Çalışdıq, hesabı bərabərləşdirmək istədik. Alınmadı. Amma futbolçularımın bugünkü mübarizəsinə, istəyinə, əminliyinə görə fəxr etdim. Belə davam etməliyik. Qarşıda finala bərabər iki oyunumuz var. İndi kuboku düşünmürük, qarşıda çempionat oyunlarımızı fikirləşirik. Bu oyunlardan maksimum nəticələrlə ayrılmaq istəyirik”.

Rəşad Sadıqov adəti üzrə yenə hakimlərdən narazılığını ifadə edib:

“Hakimlik haqda danışmaq istəmirəm. Hər şey ortadadır. Bunun üçün xüsusi mütəxəssis olmağa ehtiyac yoxdur. Məsələ eyni epizodlarda fərqli qərarların olmasındadır. VAR-a çağıran Cavid Cəlilovun “Qəbələ” ilə 5-ci turda VAR-a baxıb, penalti verilmədiyi epizoda baxsınlar. “Qarabağ”la görüşdə Elvin Cəfərquliyevin Məqsəd İsayevə arxadan “podkat” etdiyi epizod necə? O epizodlarda susub, bu epizodda Cavid Cəlilov Əliyar Ağayevi penalti üçün çağırırsa… Bu günün söhbəti deyil. Mövsüm başlayandan belədir.

Cavid Cəlilov baş hakimi VAR-a çağıran təəccüblənmədim. Mən də epizoda baxırdım. Əliyarın ilk qərarı penalti deyildi. Onun qərarını dəyişəcəyinə, penalti verəcəyinə inanmırdım. Bir epizodda da Elvin Cəfərəquliyev Hacıağa Hacılıya qarşı kobud oynadı, orada da ikinci sarı vərəqə verilməliydi. Təəssüf ki, olmadı”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: