Miodraq Bojoviç: “Səbail”lə matçda layiqli qələbə qazandıq”

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri səfər matçından sonra baş tutan mətbiuat konfransında bunları söyləyib:

“Bizim üçün psixoloji baxımdan çətin oyun idi. Turnir cədvəlindəki vəziyyət təzyiq göstərirdi. İtkilərimiz var idi. İlk hissədə istədiyimiz kimi oynaya bilmədik. İkinci yarıda Brayan Moreno gözəl qol vurdu. Ondan sonra oyun da şən alındı, daha inamlı oynamağa başladıq. Layiqli qələbə qazandıq. Qol epizodlarını reallaşdırdıq. Bu oyuna iki yarımmüdafiəçi ilə başlamaq istəyirdik. Ən azından qol buraxmamağa çalışırdıq. Çünki bu cür meydançada oynamaq çətindir. Ona öyrəşməmişik”.

Miodraq Bojoviç son turda “Sabah”a qarşı keçirəcəkləri oyundan da söz açıb:

“Biz evdə daha yaxşı oynayırıq. Nəticələr də bunu göstərir. Azarkeşlərimiz qarşısında hansısa taktiki gediş barədə düşünmək yersiz olar. “Sabah”la oyunda qələbə haqda fikirləşəcəyik. Əksi haqda fikirləşmirəm də. Yəqin ki, həmin görüşdə azarkeşlər daha çox olacaq, stadion dolacaq”.

“Səbail”in baş məşqçisi Şahin Diniyev isə komandasının məğlubiyyətinə belə şərh verib:

“0:3 hesabıyla uduzmuşuq, da da “Neftçi”nin tam üstünlüyünü göstərir. Ən azından hesab baxımından belədir. Amma oyuna gəldikdə, normal başladıq, 60-70-ci dəqiqəyə qədər bərabər futbol oynamağa çalışdıq. Qol vəziyyətlərimiz “Neftçi”dən daha çox idi. Bir qoldan sonra komanda irəli atıldı. Ondan sonra 0:1 və ya 0:3 arasında fərq yox idi. Peşəkar komanda öz futbolunu sona qədər oynamalıdır. Biz 70-ci dəqiqədən sonra başqa cür oynadıq. “Neftçi”yə uğurlar arzulayıram. Onların qələbəsinə kölgə salmaq istəmirəm. Amma 3:0-lıq oyun deyildi. “Sabah”a uduzduqdan sonra heç bir iddiamız qalmadığı üçün futbolçuları da oyuna kökləmək çətindir. Mövsüm bizim üçün bitib. Heç bir iddiamız qalmayıb. Öz oyunçularımı aşağılamaq istəmirəm, amma fakt odur ki, “Neftçi”nin futbolçularının keyfiyyəti bizimkilərdən daha üstün oldu. Yarım epizoddan qol vurdular. Rəqib futbolçu yaxın küncdən akrobatik vuruş etdi. Amma bizim o qədər epizodumuz oldu, istifadə edə bilmədik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: