Alvaro Karreras “Mançester Yunayted”i “Benfika”ya dəyişdi

“Benfika”da icarədə olan “Mançester Yunayted”in müdafiəçisi Alvaro Fernandes Karreras tamhüquqlu əsasla Lissabon klubuna keçib.

Arena.az xəbər verir ki, “Benfika” Fernandesin keçidini təmin etmək üçün futbolçunun müqaviləsindəki 6 milyon avro məbləğə alınması haqda seçimi fəallaşdırıb.

Vurğulanır ki, “Mançester Yunayted” Fernandesin sonradan “Benfika”ya satılmasından müəyyən faiz məbləğində qazanc əldə edəcək və həm də müdafiəçini geri satın almaq hüququna malik olacaq.

Xatırladaq ki, Alvaro Fernandes Karreras “Benfika”ya bu ilin yanvar ayında icarə əsasında qoşulub. İspaniyadan olan 21 yaşlı futbolçu Portuqaliya klubunun heyətində 16 oyuna çıxıb. O, bu oyunlarda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Deportivo” və “Real”ın futbol akademiyalarından keçmiş Karreras 2020-ci ilin sentyabrından “Mançester Yunayted”də idi. Amma o, “qırmızı şeytanlar”ın əsas komandasında debüt şansı qazanmayıb. Sol cinah müdafiəçisi daha öncə icarə əsasında “Preston” və “Qranada”da da icarədə olub.

Alvaro vaxtilə İspaniyanın U-19 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı ispan müdafiəçinin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: