Futbol üzrə Niderland yığmasının sabiq futbolçusu Frank de Bur İngiltərənin “Arsenal” klubunun yürütdüyü siyasət haqda danışıb.
Arena.az De Burun bu barədə fikirlərini təqdim edir:
“Arsenal”a böyük hörmətim var. Onlar səbrə sahibdirlər. Məsələn, “Arsenal”da zəif başlamış Mikel Arteta ilə bağlı vəziyyət. Bəzi başqa klublarda belə vəziyyətdə o, artıq qovulmuşdu”, deyə Frank de Bur bildirib.
Xatırladaq ki, “Arsenal” İngiltərə Premyer Liqasının 2023/2024 mövsümündə çempion “Mançester Siti”dən cəmi 2 xal geri qalıb. “Şəhərlilər” isə ardıcıl 4-cü dəfə İngiltərə Premyer Liqasını qazanmaqla, tarixi rekorda imza atıblar.
Mikel Arteta “Arsenal”ı 2019-cu ilin dekabr ayından çalışdırır. Bu müddətdə ispan mütəxəssis “topçular”ı dirçəldib və rəqabətəqadir, tərəqqi etməkdə olan kollektivə çevirə bilib. Artetanın “Arsenal”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. İspan mütəxəssisin rəhbərliyi altında “Arsenal” 2019/2020-ci illər mövsümündə İngiltərə Kubokunu və 2 dəfə İngiltərə Super Kubokunu (2020, 2023) qazanıb.
Vurğulayaq ki, “Arsenal” 42 yaşlı Mikel Artetanın məşqçilik karyerasında ilk komandadır. İspan mütəxəssis indiyə qədər “topçular”ı 231 “döyüş”ə çıxarıb. 140 qələbə qazanmış “Arsenal” 34 heç-heçə edib və 57 məğlubiyyət acısı yaşayıb.


