Jerar Pikeyə qarşı iqtisadi fırıldaqçılıq ittihamı irəli sürüldü

“Barselona”nın ispan sabiq müdafiəçisi Jerar Pikeyə qarşı korrupsiya müqaviləsində iştirak üzrə ittiham irəli sürülüb.

Arena.az bu barədə “Relevo” dərgisinə istinadən məlumat verir.

İttiham Pikenin 2019-cu ildə İspaniya Super Kubokunun Səudiyyə Ərəbistanında keçirilməsi ilə bağlı Səudiyyə Ərəbistanı ilə İspaniya Kral Futbol Federasiyası (RFEF) arasında bağlanmış müqavilədə mümkün korrupsiya sövdəsində iştirakı ilə bağlıdır.

Maxadaonda 4 saylı Ticarət Məhkəməsi Pikenin İspaniya Kral Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubialeslə əlaqəsi olduğu aşkar edildiyi üçün onun fəaliyyəti ilə bağlı araşdırma aparılmasına göstəriş verib. Xüsusilə, Jerar Pikenin “Kosmos” şirkəti İspaniya Super Kuboku ilə bağlı görülən işlərə görə komissiya haqqı tələb edib.

Bu məslə ilə əlaqədar İspaniya La Liqasının prezidenti Xavyer Tebas öz mövqeyini açıqlayıb:

“Düşünürəm ki, nəsə olacaq, hələ bitməyib. İspaniya Kral Futbol Federasiyasında cinayətkar təşkilat fəaliyyət göstərirdi.

Düşünürəm ki, baş verənlər məntiqlidir. Əgər keçmiş prezident Rubiales artıq istintaq altındadırsa, o zaman Jerar Pikenin də istintaq altında olması adi haldır. Hadisələrin necə inkişaf edəcəyini sonra görəcəyik, amma hələlik hər şey məntiqli görünür”, deyə Tebas bildirib.

Vurğulayaq ki, hazırda iş üzrə təhqiqat aparılır. Hadisələrin inkişafı gözlənilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: