İngiltərə yığmasının və “Bayern”in mərkəz hücumçusu Harri Keyn Almaniya Bundesliqasında debüt mövsümündən söhbət açıb.
Arena.az xatırladır ki, Almaniya nəhəngi 2023/2024-cü illər mövsümündə heç bir qənimət qazanmayıb və bu, son 12 ildə “Bayern”in qənimətsiz ilk mövsümüdür.
“İnanılmaz təcrübədir. Düşünürəm ki, “Bayern” kimi klubda oynamaq yalnız faydalı ola bilər və daha yüksək səviyyəyə qalxmağa imkan verə bilər, çünki burada hər oyunda inanılmaz təzyiq altındasan və səndən həmişə keyfiyyətli oyun gözlənilir. Əlbəttə, hər kəs “Bayern” oyunçularının nə qədər yaxşı olduğunu və məşqçilərin nə qədər güclü olduğunu bilir. Müxtəlif stadionlarda özümü sınamaq mənə çox xoş idi – ab-hava sadəcə heyrətamizdir. Düşünürəm ki, Almaniyadakı Avropa çempionatı da belə olacaq”, – UEFA-nın rəsmi saytı Keyndən sitat gətirir.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 12 məhsuldar ötürmə verib.
Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 91 oyun keçirib, 63 qol vurub, 19 məhsuldar ötürmə verib.
Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.
İngilis hücumçu 2023/2024-cü illər mövsümü Almaniya Bundesliqasının 36 qolla (32 oyun) ən sərrast futbolçusu olub. Keyn 2024-cü il “Qızıl buts” mükafatına əsas namizəddir.
“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.


