“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Roy Kin yarımmüdafiəçi Koul Palmerin AÇ-2024-dəki çıxışını yüksək qiymətləndirib.
Arena.az irland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Koul çox gözlənilməz oyunçudur. Hər dəfə topu alanda Palmer nəyisə anlaya bilir. Məni heyran etmək çətindir, amma o, bunu bacardı. Düşünürəm ki, Koul başlanğıc heyətində yer almağa layiq olduğuna inanır. O, sadəcə İngiltərə yığmasının heyətində olduğuna görə, çətin ki, xoşbəxtdir”, deyə Roy Kin vurğulayıb.
Xatırladaq ki, Palmer azarkeşlərin rəyincə geridə qalmış mövsümdə İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib. O, “Çelsi” tarixində müvafiq mükafatı qazanmış ilk oyunçu olub.
Buna qədər Palmer İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı oyunçusu seçilmiş, ardınca mövsmün ən yaxşı gənc oyunçusu mükafatını qazanmış və mövsmün ən səmərəli futolçusu olmuşdu.
Koul Palmer İngiltərənin digər klubu “Mançester Siti”nin yetirməsidir. İngilis yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro müqabilində məhz Mançester klubundan keçib. Yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
2023/2024 mövsümündə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 25 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib.
Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 5 oyun keçirib, 1 qol vurub.
“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.


