Harri Keyn dərdini açdı, Dani Olmo onun “yarasına duz basdı”

İngiltərə yığmasının kapitanı Harri Keyn AÇ-2024-ün finalında qələbənin karyerasında ilk qəniməti olacağı haqda sualı cavablayıb.

Arena.az xatırladır ki, təcrübəli ingilis hücumçu peşəkar futbolçu karyerası ərzində bircə qənimət belə, qazanmayıb:

“Deyəsən, siz bu barədə çox düşünürsünüz. Bunun mənim və ölkəmiz üçün nə demək olduğunu bilirəm, buna görə də, yəqin, siz bundan uğur qazanmağımıza kömək etmək üçün ilham olaraq istifadə edəcəksiniz. Əlbəttə, siz videolara baxırsınız, oyunlara gedəndə azarkeşləri görürsünüz, amma məncə, hazırda İngiltərədə baş verənləri qavramaq həqiqətən çətindir. Əminəm ki, bunun bir hissəsi olmaq çox gözəldir”, – AS internet-nəşri Keyndən sitat gətirir.

Bu arada İspaniya yığmasının hücumameylli yarımmüdafiəçisi Daniel Olmo İngiltərə yığmasının kapitanı, hücumçu Harri Keynə “sataşıb”.

“The Telegraph” dərgisinin məlumatına görə, Olmo, İspaniya yığmasının Harri Keynin qənimətsiz “lənət silsiləsi”ni uzatmasının istəyində olub-olmaması haqda sulı cavablayıb. Xatırladaq ki, sualın əsasında Harri Keynin böyük futbolda hələ bircə qənimət belə, qazanmadığına eyham dayanır:

“Keynin “lənətini” uzatmaq istəyirəmmi? Çox! Finalda het-trik etmək arzum olardı və əlbəttə ki, finalı qazanmaq da həmçinin”, deyə Olmo bildirib.

Qeyd edək ki, Daniel Olmo hazırda Almaniyanın “Leypsiq” klubunun uğurları üçün çalışır. Harri Keyn isə ötən ilin yayından Almaniya nəhəngi “Bayern”də çıxış edir.

Xatırladaq ki, AÇ-2024-ün İspaniya və İngiltərə yığmaları arasında final oyunu bu gün, iyulun 14-də Berlinin “Olimpiaştadion”unda keçiriləcək. Hakim fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: