Futbol üzrə İspaniya La Liqasının prezidenti Xavyer Tebas Madrid “Real”ının şikayəti əsasında öz vəzifəsini itirə bilər.
Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.
Belə ki, İdman İnzibati Məhkəməsi (TAD) İspaniya La Liqasının prezidenti Xavyer Tebasa qarşı “Real”ın şikayəti əsasında intizam işi açıb.
Mənbənin məlumatına görə, şikayəti “Real”ın prezidenti Florentino Peres, CVC investisiya fondu ilə müqavilə məsələsi ilə bağlı La Liqa assambleyasının çağırılması zamanı mümkün pozuntularla bağlı ünvanlayıb. “Kral klubu” hesab edir ki, müqavilənin bağlandığı assambleya əsasnaməyə uyğun olaraq – əvvəlcədən xəbər verilməklə çağırılmayıb. Məhkəmə “Real”ın şikayətini təmin etsə, Tebas cəzalandırıla bilər. Bu isə La Liqa prezidentinin öz vəzifəsini itirməsi deməkdir.
Xatırladaq ki, 2023-cü ilin sonunda uzun müddət La Liqanın prezidenti olan Xavyer Tebas yenidən 4 illik müddətə daşıdığı vəzifəyə təkrar seçilib. Tebas 2013-cü ilin aprelindən İspaniya La Liqasının prezidenti vəzifəsini daşıyır. 2023-cü ilin noyabrında Tebas təkrar seçki tədbirinə tez bir zamanda başlamaq məqsədilə istefa vermişdi. Buna rəğmən, son seçkilərdə yeganə namizəd olmuş Tebas, məlum olduğu kimi, vəzifəsində qalıb.


