“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Linkoln”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xatırladır ki, Azərbaycan çempionu bu gün UEFA Çempionlar Liqasının 2024/2025 mövsümündə ilk matçına çıxıb.
Səfərdə Cəbəllüttariq çempionu “Linkoln”la qarşılaşan “Qarabağ” bu oyundan 2:0 hesablı qələbə ilə ayrılıb.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra fikirlərini açıqlayıb. Təcrübəli mütəxəssis Cəbəllüttariqdəki qarşılaşmanı belə dəyərləndirib:
“Futbolçularımı təbrik edirəm. Oynamaq üçün şərait o qədər də yaxşı deyildi. Matç süni örtükdə keçirilirdi. Uzun səfərə çıxdığımız üçün futbolçularda bir az yorğunluq hiss oluna bilərdi.
Komandamızda yaxşı oyun intizamı gördüm. Belə meydançalarda diqqət yetirdiyimiz əsas məqamlardan biri səhv etməməkdir. Belə örtükdə topu istədiyimiz kimi ram etmək çətin olur. Futbolçularımız sonadək yaxşı konsentrasiya ilə oynadılar. Yaxşı başlanğıc oldu. Bakıdakı matça ciddi hazırlaşacağıq. Rəqibin itirəcəyi bir şeyi qalmadı. Ona görə riskə gedə bilərlər. Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq”.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Linkoln”la cavab oyunu iyulun 30-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya saat 20:00-da start veriləcək.
Bu cütün qalibi UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək.


