Krunoslav Renduliç: “Makkabi” səddini keçmək istəyiriksə…”

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının 2-ci raundununun “Makkabi” ilə cavab oyunu öncəsi fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi sabah doğma meydanda İsrailin “Makkabi” (Hayfa) komandasını qəbul edəcək.

Bu komandaların məlum səbəblərdən Macarıstanda keçirilmiş ilk oyununda “Sabah” gözlənilməz şəkildə 3:0 hesabıyla qaib gəlib. “Bayquşlar”ın baş məşqçisi sabahkı cavab matçından öncə bu gün jurnalistlərlə görüşüb. Xorvat mütəxəssis komandasının cavab görüşündəki şansları barədə bunları dilə gətirib:

“Yeni mövsümdə evdə ilk oyunumuzdur. Çox təhlükəli rəqibə qarşı oynayacağıq. “Makkabi” mükəmməl komandadır. Səfərdə qalib gəlməyimizə baxmayaraq, hələ də onları favorit hesab edirəm. Qarşılaşmanın ilk hissəsi bitib. Hələ ikinci hissə var. “Makkabi”ni keçmək istəyiriksə, səfərdəkindən daha yaxşı oynamalıyıq.

Səfərdəki qələbədən sonra futbolçularda eyforiya? Həftə ərzində oyunçularla bu barədə danışmışam. Onlara demişəm ki, eyforiyada olmaq lazım deyil. Hamımız dərk edirik ki, sabah bizi çox ağır oyun gözləyir. Amma biz bu oyuna hazırıq. Mərhələni keçmək üçün əlimizdən gələni etməliyik. Hər zaman düşünürəm ki, ən yaxşı müdafiə hücumdur. İlk saniyələrdən müdafiəni düşünsək, bizim üçün yaxşı olmayacaq”.

Krunoslav Renduliç “Sabah”ın sabiq oyunçusu Aleksey Kaşukun hazırda Bakıda olmasına da münasibət bildirib. O, ukraynalı yarımmüdafiəçinin komandasına keçməyəcəyini bəyan edib:

“Hazırda Kaşuk bizim üçün mövzu deyil. Bizim başqa hədəflərimiz var”.

“Hamımızın hədəfi qrup mərhələsində olmaqdır”

“Sabah”ın futbolçusu Jesse Sekidika da mətbuat konfransında iştirak edib. Nigeriyalı vinger bunları dilə gətirib:

“Baş məşqçi hər şeyi dedi. Səfərdə 3:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, bizim üçün sabah çox çətin olacaq. Rəqibimiz mərhələni keçmək üçün əlindən gələni edəcək. “Makkabi” çox yaxşı komandadır. Amma biz də yaxşı komandayıq. Bu rəqibə qarşı necə oynamaq lazım olduğunu bilirik. İnanıram ki, mərhələni keçən tərəf biz olacağıq. Hamımızın hədəfi qrup mərhələsində olmaqdır. Mənim vəzifəm qol vurmaq, assistlər etməkdir. Amma hər şeydən əvvəl komandanın uğurlu olmasıdır”.

Barak Baxarın mətbuat konfransı baş tutmadı

Sonda onu da qeyd edək ki, Hayfa təmsilçisinin baş məşqçisi Barak Baxarın oyunöncəsi mətbuat konfransı baş tutmayacaq. Buna komandanın Bakıya gecə saatlarında çatması səbəb göstərilib.

“Sabah” – “Makkabi” qarşılaşması sabah “Masazır Arena”da baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: