“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Çox yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik. Dinamik, sürətli oyun göstərdilər, topla yaxşı davranırdılar. Çox razı qaldım. Rəqib barədə məlumatımız az idi. Yaxşı müdafiə olunmağı sonadək bacaran komandaya qarşı oynadıq. Hücumda da oynamaq istəyirdilər. “Kəpəz”ə uğurlar arzulayıram”.
Baş məşqçi qapıçı Sadiq Məmmədzadənin debütü və zədəli Musa Qurbanlının durumuna da toxunub: “Bu gün Sadiqin bir o qədər işi də olmadı. Daha yaxşı səviyyəyə gəlsə, potensialı artar. Qapıçı məşqçiləri ona güvəndiklərini desələr, mən də görsəm, ona maksimum şans verməyə çalışacağıq. Böyüməsi, kollektivə daha tez uyğunlaşması çox vacibdir. Bacarıqlı və istəklidir. Musanın durumu normaldır. Komanda ilə olmasa da, fərdi məşqlərə, toplu çalışmalara da başlayıb. Bir həftə, on günə komandaya qoşula bilər”.
“Öz oyunumuzdan əl çəkməyəcəyik”
Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bolqarıstan “Ludoqorets”inə qarşı keçirəcəkləri cavab matçından da söz açıb:
“Səfərdə daha çox güc sərf etmək lazım olacaq. Başqa çıxış yolumuz yoxdur. Qalib gəlmək lazımdır. Bununla yanaşı, Bakıdakı bəzi səhvləri etməli deyilik. İnanıram ki, futbolçularım buradakı oyundan daha yaxşı, daha möhkəm oynayacaqlar. Buna ehtiyac var. Qarşımızdakı rəqibə hörmətlə yanaşmaq lazımdır. Əvvəlcədən də demişdim ki, oyunçularının ustalığı yüksəkdir. Bakıda bunu tam gördük. Üstünlük bizim tərəfdə idi. Amma çox tez bir zamanda qol epizodları yaratdılar. Buna hazır olmalıyıq. Təcrübəmiz var. Qələbə üçün çalışacağıq.
Rəqib ilk oyunda fərdi epizodlarda daha üstün oldu. Fikrimizi səfərdəki oyuna yönəltməliyik. Ola bilər ki, biz orada daha dəqiq olaq. Niyə qol vura bilmədik, niyə rəqib vurdu? Cavab versəm, uşaq kimi cavab vermiş olaram. Biz daim dominantlıq edirik, boşluqlar geridə olur. Rəqib də ondan istifadə edə bilir. Çempionatımızda da belə olur. Rəqibin də necə oynayacağını bilmirik. Bəlkə tam əksini edəcək. Biz rəqibin üzərinə gedəcəyik. Niyə uduzduq, qeyri-ciddi görünür. Uduzduq. Onları təbrik etdim. Futboldur, idmandır. Hər oyun, hər hücum düşündüyümüz kimi olmur. Qarşımızda robot yox, insandır. Onların da düşüncəsi var. Səfərdə mübarizəmiz daha da bərk olacaq.
Rəqibin heyətində 30-dən çox legioner var, bacarıqlı və keyfiyyətlidirlər. Ola bilər ki, onların olmaması komandanı bir az yığsın, daha da ciddi olsunlar. Ona görə üstün tərəfləri olsa da, digər tərəfləri də var. Buradakı oyunda o oyunçulara görə hazırlaşmışdıq. Səfərdəki matçda iki rəqib futbolçu yoxdur. Yenidən fikirləşməliyik ki, meydanda bizi nə gözləyir? Sürprizlər də gözləyə bilər. Müsbət və mənfi tərəfləri var. Öz oyunumuzdan əl çəkməyəcəyik. Hücumlarımızın sayını çoxaltmalıyıq. Müdafiədə daha möhkəm və keyfiyyətli oynamalıyıq. Bizi hansı sürprizlər gözləyir, bilmirik”.
“Ötənilki komandanın demək olar ki, 80-90 faizi yoxdur”
“Kəpəz”in baş məşqçisi Adil Şükürov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Yeni qurulan komandayıq. Yeni oyunçular gəlib. Komanda formalaşdırmaq müəyyən vaxt alacaq. Belə nəticələrin olması da təbiidir. Komandanı daha da yaxşı vəziyyətə gətirməyə çalışırıq. Ötənilki kimi mübariz komanda formalaşdırmaq istəyirik. Bu yöndə də işimiz davam edir. Düşərgəmizdə yeni futbolçu var. Keverton bizimlədir. Çalışacağıq ki, gələn həftə sifariş edək, oyunlarda iştirak etsin.
Özüm komandaya inanmaq istəyirəm. Məşqçi olaraq komandaya inanmalıyıq. “Kəpəz” elə-belə komanda deyil, tarixi klubdur. Azarkeş də bu məğlubiyyəti qəbul etmir. Biz də etmirik, istəmirik. Məğlubiyyətlər acıdır. Futbolçuların psixoloji durumlarını düzəltmək istəyirik. Hər kəs istəyir ki, əvvəlki komanda qurulsun. Ötənilki komandanın demək olar ki, 80-90 faizi yoxdur.
Əksər oyunçularla 1+1 şərtilə müqavilə imzalayırıq ki, gələn il komandanı gücləndirək. Futbolçularla 3 illik müqavilə imzalamaqla deyil, müqavilə şərtlərini yerinə yetirmək lazımdır. Komandaya dəstək olmalıdır. Olmayanda, istəyirsən 10 illik müqavilə imzala, əhəmiyyəti qalmır. Futbolçunu saxlamaq üçün müəyyən artım olmalıdır. Ödəyə bilmiriksə, komandanın aparıcı oyunçuları gedir. Tam başqa fikirləşirdik, başqa şeylər qarşımıza çıxdı”.


