Elmar Baxşıyev: “Bu komanda yaxşı siqnallar verir”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 2-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun alındı. Hər iki komanda hücum futboluna üstünlük verirdi. “Şamaxı” yeni komanda olsa da, bilirik ki, Ayxan Abbasov həmişə əzmkar kollektiv formalaşdırır. Ona görə də komandanı həftə ərzində ağır oyuna kökləyirdik. Futbolçular verilən tapşırıqları meydanda yerinə yetirməyə çalışırdı. Getdikcə daha yaxşı səviyyəyə qalxacağıq. Bu komanda yaxşı siqnallar verir. Futbolçularımı təbrik edirəm. İlk qələbəmizdir. İstədiyimiz yerə çatmaq üçün daha çox çalışmaq lazımdır”.

Elmar Baxşıyev cari mövsümdəki hədəflərinə dair sualı da cavablayıb: “Bizim kimi komandalar yalnız növbəti oyuna köklənir. Oynadıqca, qələbələr qazandıqca hədəfdən danışmaq mümkündür. Hazırda ikinci turdur, hansı hədəfdən danışa bilərik?”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov da matçla bağlı düşüncələrini bölüşüb:

“Oyun heç-heçəyə gedirdi. Yüz faizlik qol fürsətlərindən istifadə edə bilmədik. Qol buraxandan sonra komandanın oyunundan razı qaldım. Çempionatın əvvəlidir. Oyundan-oyuna daha yaxşı olacağıq. Bəzi futbolçular yenidir. Çempionata uyğunlaşmadıqları görünür. Amma qarşımıza qoyulan məqsədə çatacağıq. Komandaya inanıram.

Çatışmazlıqlar çoxdur, bunu bilirik. Sıfırdan qurulan komandayıq. Adi qol epizoduna baxın. Futbolçuların bir-birini başa düşməməsi görünür. Rəqib bir faiz şansından istifadə etdi. “Araz-Naxçıvan”ın heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular çoxdur. Ramon Maçado bir epizoddan yararlandı. Bu da onun ustalığıdır. Çatışmazlıqlar çoxdur deyə həvəsdən düşməli deyilik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: