Bruno Fernandes “Mançester Yunayted”lə müqaviləsini yenilədi

“Mançester Yunayted” komandanın portuqal yarımmüdafiəçisi və kapitanı Bruno Fernandeslə yeni müqavilə bağlayıb.

Arena.az bu barədə “Mançester Yunayted”in rəsmi saytına istinadən məlumat verir.

Portuqal yarımmüdafiəçinin “qırmızı şeytanlar”la yeni müqaviləsi 2026/2027-ci illər mövsümünün sonuna qədər qüvvədə olacaq. Yeni müqaviləyə, müddətin daha bir il uzadılma imkanı da daxil edilib.
Bruno Fernandesin cari əmək müqaviləsi isə 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən keçib.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Fernandes “Mançester Yunayted”in heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 15 qol vurub, 13 məhsuldar ötürmə ilə fərqlənib.

Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 1 oyun keçirib, 1 məhsuldar ötürmə verib.

Fernnandesin “Mançester Yunayted” karyerası ümumilikdə 234 oyun, 79 qol və 67 məhsuldar ötürmədən ibarətdir.

Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 71 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 23 qol vurub, 20 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı portuqal hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: