“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 4-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, ukraynalı mütəxəssis 1:1 hesablı heç-heçə və vurduqları mübahisəli qol barədə bunları söyləyib:
“Vurduğumuz qolla bağlı heç bir problem yoxdur. Hansısa feyr-pleydən danışmağa səbəb görmürəm. Hər şeyi görürdüm. Bunu şərh etmək rahatdır. Bizim oyunçumuz ayağa qalxırdı. Heç bir səbəb yox idi ki, rəqibin qapıçısı topu çölə vursun.
Tutduğum yoldan dönmək istəmirəm, səbirli davranmaq istəyirəm. Daha yaxşı olmasını istəyərdim. Səbirlə davranacağam, istədiyim şeyi əldə edəcəyəm. Komanda yenilənir. Transfer işlərini davam etdiririk. Başa düşürük ki, bir az gecikmələr oldu. Bəzi oyunçuların hazırkı durumu istədiyimiz formada deyil. Təzyiqi o zaman hiss edərdim ki, komandam istədiyim formadadır, amma nəticələr qazanmırıq. Milli komandaların fasiləsini gözləməliyik. Bu müddət də hələ azdır ki, istədiyimiz oyun üslubunu quraq. Mən sadəcə öz işimə fundamental yanaşıram. Çox istəyərdim ki, artıq nəticələr olsun. Amma mən elə komanda, oyun qurmaq istəyirəm ki, sistematik olaraq bizə nəticələr versin. Başqa cür yanaşa bilərik. Deyə bilərik ki, nəyin bahasına olursa-olsun. qalib gələk. Qanın bahasına belə. Çox istəyərdim ki, öz stilimizdə oynayaraq, qalib gələk. Əminəm ki, qısa zamanda daha yaxşı olacağıq. Qələbələrimizin təsadüfi olmasını istəmirik”, deyə Qriqorçuk bildirib.
“Mən heç kimi təhqir etməmişəm” – Elmar Baxşıyev
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə heç-heçəyə belə şərh verib:
“Maraqlı oyun alındı. Hər iki komanda mübarizlik göstərdi. Komanda şəklində bu oyunda daha üstün idik. Futbolun yazılmayan qanunları var. Düşünürəm ki, iki xalımız getdi.
Rəqib baş məşqçinin sözlərini şərh etmək istəmirəm. Onun fikridir. Fikrimcə, stadionlardan asılan feyr-pley bayrağını endirsək, daha məqsəduyğun olar. Bir şeyə ki, riayət etmirlərsə… Biz uduzsaq da, əməl etmişik. Rəqibə reaksiya verirsən, qırmızı vərəqə verirlər. Heç kimi təhqir etməmişəm. Ümid edirəm ki, belə hadisələrlə rastlaşmayacağıq. Futbolçular və məşqçilərə aid olan qaydadır. Bu gün belə oldu. Ümid edirəm ki, bir daha belə hadisələr başımıza gəlməz. Problemli adam deyiləm. Emosiyalarımı özümdə saxlamıram, göstərirəm. Onu da fərqli qarşılayırlar. Yenə də deyirəm ki, mən heç kimi təhqir etməmişəm”.


