“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 5-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin təcrübəli çalışdırıcısı 3:1 hesablı qələbəyə sevindikləri səfər oyunundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Öncə fürsətdən istifadə edib “Zirə”nin bütün kollektivinə, Rəşad Sadıqova, klub rəhbərliyinə təşəkkür etmək istəyirəm. Avrokuboklarda ölkəmizin reytinqinə nə qədər xallar əlavə etdilər. Bu, Azərbaycan futbolu üçün böyük işdir. Çox böyük təcrübə topladılar, yeni Avropa komandası yaratdılar. Azərbaycanlı olaraq təşəkkür edirəm hər birinə.
Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət idi. Çox maraqlı oyun oldu. Hər iki komandanın futbolçuları dinamik oyun göstərdilər. Hər iki komandaya alqış düşür. Azarkeşlərimiz sağ olsunlar, yenə bizimlə idilər. Qarşıda milli komandanın oyunları ilə əlaqədar fasilə yaranacaq. Bəzi futbolçularımız bir neçə gün istirahət edəcəklər, digərləri isə milli komandalara yollanacaqlar. Onlara və millimizə uğurlar arzulayıram”.
Qurban Qurbanov: “Bəzi rəqiblərimiz Çempionlar Liqası səviyyəsindədir”
Baş məşqçi Avropa Liqasının yeni formatı və Liqa mərhələsindəki rəqiblər barədə də danışıb: “Maraqlı formatdır. Minimum 8 oyunumuz olacaq. 8 fərqli komandaya qarşı çıxış edəcəyik. Bu, azarkeşlər üçün maraqlı olacaq. Ancaq bizim üçün daha çətindir. Çünki rəqibləri oyundan-oyuna tanıyacağıq. İstənilən halda təqvim hamı üçün eynidir. Hətta bəzi komandalar UEFA Çempionlar Liqası səviyyəsindədirlər. Ölkəmizi layiqincə təmsil etməyə, azarkeşlərimiz üçün yaddaqalan ilin olmasına çalışacağıq”.
Təcrübəli mütəxəssis Avroliqanın Liqa mərhələsindəki ilk rəqib olan “Tottenhem”i canlı izləmək üçün İngiltərəyə gedəcəyini də bildirib: “Fikrimdə var. Biz nə qədər televiziya vasitəsilə izləsək də, canlı görmək başqadır. Oyun sistemini anlayırsan, futbolçuların sürətini, qabiliyyətini canlı görmək əlavə üstünlükdür. “Tottenhem” güclü olsa belə, onları daha da yaxından tanımaq vacibdir. Hər rəqibin oyununa baxmaq fikrindəyəm. İngiltərə Premyer Liqası bu gün bir nömrəli liqadır. Həm sürətinə, həm dinamikasına, həm heyətlərinə görə, həm maliyyə olaraq. Ələlxüsus da, ilk 7-8 komanda. “Totenhem”i, “Mançester Yunayted”i, “Arsenal”ı bir-birindən ayırmaq olmaz. Bir klubun 770 milyon avro büdcəsi varsa, o komanda haqda çox danışmağa ehtiyac yoxdur. Bir onu deyə bilərəm ki, çox aktiv pressinq edən komandadır. Dəlicəsinə pressinq edirlər. Onlarla oyun təcrübəmiz var. Onlar da yerlərində dayanmırlar, bizdən daha çox irəli gedirlər”.
Qurban Qurbanov debüt oyununda qol vuran yeni transfer Emmanuel Addayın çıxışını da dəyərləndirib: “İlk oyunu idi, rəqib də asan komanda deyildi. Bu, Addayın son 3-4 ayda ilk matçı idi. Buna baxmayaraq, həm fiziki göstəricilər, həm də komanda oyununa uyğunlaşma baxımından ondan razı qaldım. Daha yaxşı olmaq potensialı var”.
Rəşad Sadıqov: “Qarabağ” hamımızdan daha yaxşıdır”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Oyun bizim üçün yaxşı başlamışdı. Meydanda gərgin mübarizə gedirdi. Müəyyən ərazi üstünlüyü var idi. “Qarabağ” fərqlənəndən sonra oyunumuzun balansı pozuldu. Təhlükəli dəqiqələr idi. Üçüncü qol böyük hesablı məğlubiyyətə gətirib çıxara bilərdi. Amma futbolçularımız xarakter göstərdilər, bir qol vurdular. Çox çalışdılar, əllərindən gələni etdilər. “Qarabağ” bu gün bizdən daha yaxşı idi. Yorğun idik, itkilərimiz çoxdur. Bu oyunda da zədəlilərimiz oldu. Bu qədər problemin içində futbolçular sona qədər mübarizə apardılar. Bu mövsüm keçirdiyimiz 12 oyunu dəyərləndirsək, futbolçuların çıxışından çox razı qalmışam. 4 oyuna 6 xal yğmışıq. 2-3 gün yaxşı dincəlib, daha sonra fikrimizi çempionata verəcəyik.
Gücləri doğru qiymətləndirmək lazımdır. “Qarabağ” hamımızdan daha yaxşıdır. İllərdir ki, çəkdikləri əziyyətin bəhrəsini görürlər. Hər şey uğurlu getsə, mübarizə aparmaq olar. “Qarabağ” üzərində qələbə qazanmaq üçün əlinə düşən hər epizodu qola çevirməlisən.
Yerli futbolçu ilə bağlı ciddi sıxıntılar yaşayırıq. Yerli oyunçu qıtlığı var. Vaxtımız da azdır. Bilmirəm həll edə biləcəyik, ya yox. Yerlilərlə bağlı seleksiyanı gücləndirməliyik. Elçin Əlicanov yaxşı mənada məni təəccübləndirir. Böyük potensialı var. Bugünkü Elçin “Kəpəz”dəki Elçindən daha yaxşıdır. Çalışqandır, istəklidir. Zərurətdən onu başqa mövqelərdə istifadə edirik. Transferlə bağlı danışıqlar gedir. Ayın 9-na qədər vaxtımız var”.


