Vaxtilə icarə əsasında “Sabah”da forma geyinmiş ukraynalı futbolçu Aleksey Kaşuk yenidən Azərbaycanda çıxış edəcək.
Arena.az xəbər verir ki, 24 yaşlı ukraynalı futbolçu Azərbaycan çempionu “Qarabağ”la anlaşıb.
Bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, klub növbəti transferini reallaşdırıb. Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə müqaviləsinin müddəti bu yay bitdikdən sonra azad agent statusu daşıyan Aleksey Kaşuk heyətə cəlb edilib. “Qarabağ”la 24 yaşlı hücumameyilli yarımmüdafiəçi arasında 3 illik müqavilə imzalanıb.
Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun yetirməsi olan Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un da formasını geyinib. O, 2022-ci ilin martından 2023-cü ilin iyun ayına kimi “Sabah”da forma geyinib. Kaşuk bu komandanın heyətində bütövlükdə 41 oyun keçirib, 18 qol və 12 məhsuldar ötürmə müəllifi olub.
Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.
Xatırladaq ki, “Qarabağ” Kaşukdan öncə Fabiyan Buntiç (“Vizela”, Portuqaliya), Musa Qurbanlı (“Yurqorden”, İsveç), Şahruddin Məhəmmədəliyev (“Adana Dəmirspor”, Türkiyə), Mateuş Koxalski (“Stal”, Polşa) və Emmanuel Addai (“Alkorkon”, İspaniya) ilə də müqavilə bağlamışdı.
Bəhlul Mustafazadə, Nəriman Axundzadə, Riçard Almeyda və Abdullah Zubir də Ağdam klubu ilə yeni müqaviləyə imza atıblar.
Adama Diakabi, Maksim Medvedev (karyerasını bitirib), Andrey Lunyov, Nihad Quliyev və Luka Quqeşaşvili isə komandanı tərk ediblər. Rüstəm Əhmədzadə ilə İsmayıl İbrahimli də yenidən “Zirə”yə icarəyə veriliblər.


