“Bayern”in idman direktoru Maks Eberl komandanın alman hücumameyilli yarımmüdafiəçisi Camal Musialanın müqaviləsi haqda söhbət açıb.
Arena.az xatırladır ki, Almaniya nəhəngi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq 21 yaşlı yarımmüdafiəçi bir çox Avropa nəhənglərinin diqqət mərkəzindədir.
“Biz bir neçə aydır ki, Musiala ilə yeni müqavilə üzrə danışıqlar aparırıq. Biz hələ oturub hər şeyi müzakirə etməliyik. Bunu sakitliklə etmək istəyirik. O, Kimmix, Pavloviç, Stanişiç ilə birlikdə “Bayern”in əsas simalarından birinə çevrilməlidir. Biz Çempionlar Liqasını və ölkə kuboklarını qazanmaq istəyirik”, – Maks Eberl klubun Musiala ilə bağlı planlarını açıqlayıb.
“Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından da keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir.
Cari mövsümdə Musiala “Bayern”in heyətində 4 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib. Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 167 oyun, 45 qol və 32 məhsuldar ötürmədən ibarətdir.
Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 36 oyun keçirib, 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 21 yaşlı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.


