Harri Keyn Çempionlar Liqasında yeni rekordlara imza atdı

Çempionlar Liqasının əsas mərhələsinin Zaqreb “Dinamo”su ilə 1-ci tur oyunu “Bayern”in ingilis hücumçusu Harri Keyn üçün əlamətdar olub.

Arena.az “Opta Sport” statistik internet-portalına istinadən məlumat verir ki, “Bayern”in 9:2 hesablı möhtəşəm qələbə qazandığı oyunda, Harri komandasının qələbəsinə vurduğu 4 qolla töhfəsini verib.

Bu qolları sayəsində Keyn Çempionlar Liqasında vurduğu qolların ümumi sayını 33-ə çatdırıb və qitənin ən mötəbər klub yarışı tarixində ən çox qol vurmuş ingilis futbolçu ünvanına sahib olub.

Xatırladaq ki, əvvəlki rekord “Mançester Yunayted”in ingilis keçmiş hücumçusu Ueyn Runiyə məxsus idi – 30 qol.

Çempionlar Liqasında ən sərrast ingilis hücumçuların siyahısını təqdim edirik:

  1. Harri Keyn (“Bayern”) – 33 qol;
  2. Ueyn Runi (“Mançester Yunayted”) – 30 qol;
  3. Rahim Sterlinq (“Arsenal”) – 27 qol;
  4. Pol Skoulz (“Mançester Yunayted”) – 24 qol;
  5. Frenk Lempard (“Çelsi) – hər biri 23 qol;
  6. Stiven Cerrard (“Liverpul”) – 21 qol.

Üstəlik, Keyn bu “poker”i sayəsində 1991-ci ilin Avropa Çempionlar Kubokunda “Arsenal”ın ingilis keçmiş hücumçusu Alana Smitin əldə etdiyi nadir milli nailiyyəti təkrarlayıb. Həmin vaxtdan sonra hansısa ingiltərəli oyunçu avrokubokların əsas raundunda bir matçda 4 qol vurmamışdı.

Maraqlıdır ki, Keyn bu oyunda qollarının üçünü penaltidən vurmaqla, Çempionlar Liqasında müstəsna nailiyyətə imza atıb. Keynə qədər 1 oyunda penaltidən 3 qol vurmaq Çempionlar Liqasında (həmçinin Çempionlar Kubokunda) heç bir futbolçuya müyəssər olmayıb.

Yeri gəlmişkən, qəhrəmanımız Ueyn Runinin rekordunu qırmasını öyrəndikdən sonra, müvafiq nailiyyətini şərh edib:
“Ueyn Runi ilə eyni ruhda xatırlanmaq – uğur əlamətidir. Söhbət İngiltərənin ən görkəmli futbolçularından birindən gedir. Bu, mənim üçün təsiredici nailiyyətdir”, – UEFA-nın rəsmi saytı Keyndən sitat gətirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: