“Bayern”in idman direktoru Maks Eberl bildirib ki, almaniyalı yarımmüdafiəçi Camal Musiala Münhen klubunun siması olmalıdır.
Arena.az “Goal” dərgisinə istinadən məlumat verir ki, alman mütəxəssis futbolçu ilə görüşdüyünü və danışıqlar apardığını bildirib:
“Bu, sadəcə bir görüş deyildi, biz danışıqlar aparırıq. O, müstəsna oyunçudur və Yozua Kimmix və bir neçə başqası ilə birlikdə “Bayern”in siması olmalıdır. Bu barədə futbolçuya da məlumat vermişdik. İndi biz razılığa necə nail ola biləcəyimizi nəzərdən keçiririk. Mən nikbinəm və onun “Bayern”dən ayrılması üçün heç bir səbəb görmürəm”, deyə Maks Eberl vurğulayıb.
Xatırladaq ki, “Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir.
Cari mövsümdə Musiala “Bayern”in heyətində 8 oyun keçirib, 3 qol vurub, 3 məhsuldar ötürmə verib. Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 171 oyun, 46 qol və 34 məhsuldar ötürmədən ibarətdir.
Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FIFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. Musiala Münhen klubu ilə 4 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.
Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 36 oyun keçirib, 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 21 yaşlı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.


