Tomas Tuxel İngiltərə yığmasının baş məşqçisi təyin edildi

Almaniyalı futbol mütəxəssisi Tomas Tuxel İngiltərə yığma komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az bu barədə İngiltərə Futbol Assosiasiyasının (The FA) mətbuat xidmətinə istinadən məlumat verir.

Qurumdan verilən açıqlamada bir neçə namizədlə danışıqlar aparıldığı, sonda isə almaniyalı məşqçinin üzərində dayanıldığı bildirilib.

51 yaşlı mütəxəssislə müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub. Tuxel 2025-ci ildən yeni işinə başlayacaq.

Alman mütəxəssisin son iş yeri 2024-cü ilin may ayında tərk etdiyi “Bayern” olub. Daha əvvəl Tuxel “Çelsi”, PSJ, Dortmund “Borussiya”sı, “Maynts” və “Auqsburq”un ikinci komandasını çalışdırıb.

Xatırladaq ki, hazırda İngiltərə yığmasının sükanı irland mütəxəssis Li Karslinin əlindədir. Karsli müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edir.

İngiltərə Futbol Assosiasiyasının icraçı direktoru Mark Bullingem alman mütəxəssis Tomas Tuxelin “üç şir”in sükanı arxasına təyinatı ilə bağlı danışıb:

“Dünyanın ən yaxşı məşqçilərindən biri olan Tomas Tuxeli və ən yaxşı ingilis məşqçilərindən biri olan Entoni Barrini ona dəstək olmaq üçün işə götürməkdən çox məmnunuq. Bizim işə qəbul prosesimiz çox ciddi idi. Avropa Çempionatından əvvəl bizim fövqəladə vəziyyət planımız vardı və biz məşqçidə hansı keyfiyyətləri görmək istədiyimizi dəqiq müəyyən etmişdik. Qaret təqaüdə çıxandan bəri biz namizədlərin siyahısını öyrənib, bir neçə məşqçi ilə görüşüb, onları bu meyarlar üzrə qiymətləndirmişdik. Tomas məndə böyük təəssürat yaratdı və geniş təcrübəsi və fədakarlığı ilə seçildi. Entoni İrlandiya, Belçika və Portuqaliya yığmaları ilə də beynəlxalq təcrübəyə malik istedadlı ingilisdir.

Əslində, bizə böyük yarışda qalib gəlmək üçün ən yaxşı fürsəti verəcək bir məşqçi komandasını işə götürmək istəyirdik və inanırıq ki, bunu edəcəklər. Tomas və komandası 2026-cı ildə Dünya Kubokunu qazanmaq üçün bizə ən yaxşı imkan verməyə xatircəm olublar.

Bu, İngiltərə azarkeşləri üçün həyəcanlı vaxtlardır, biz isə Tomas və Entoni yanvarda işə başlayanda onları qarşılamağı səbirsizliklə gözləyirik”, deyə Bullingem bildirib.

Li Karsliyə təşəkkür

Mark Bullingem milli komandanın müvəqqəti baş məşqçisi, irland mütəxəssis Li Karsliyə də işinə görə təşəkkür edib:

“Mən Liyə təşəbbüs göstərdiyi və ondan istədiyimiz hər şeyi etdiyi üçün təşəkkür etmək istərdim. O, çox istedadlı məşqçidir və İngiltərə yığmasında bizim inkişafımızda mühüm rol oynayır. İndi o, yayda gənclər komandası üçün Avropa çempionluğunu qoruyub saxlamağa diqqət yetirəcək”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: