Elmar Baxşıyev razı qaldı, Ayxan Abbasov hakimləri “topa tutdu”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 10-cu turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Ağır oyun olacacağını bilirdik. “Şamaxı” Premyer Liqada yeni olsa da, Ayxan Abbasov yaxşı, əzmkar komanda yaradıb. Komadam meydanda istədiyimi verməyə çalışırdı. Düşünürəm ki, layiqli qələbə qazandıq. Oyundakı dinamika yaxşı idi. Hər iki komanda əzmkarlıq göstərirdi, həm də bir-birinə hötmət edirdi. Ümumilikdə götürsək, hakimlik də normal idi”.

Elmar Baxşıyev bir neçə gün öncə transfer etdikləri Sezar Meza Kollidən də danışıb:

“Onun bizə xeyri dəyərək. Meza Kolli yaxşı keyfiyyətlərə malik futbolçudur. Onu iyun ayında gətirmək istəyirdik. Sadəcə, belə alındı. Müdafiə sırf müdafiəçilərdən ibarət deyil. Ümumi müdafiə planında bəzi epizodlarda boşluqlar veririk. Bu da normaldır”.

“Hakimlər komandamın haqqına girirlər” – Ayxan Abbasov

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov da oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini paylaşıb:

“Ciddi itkilərimiz var idi. Buna baxmayaraq, komanda bu gün yaxşı mübarizə apardı. Belə oyunlarda qol epiozdları az olur. Əlimizə düşən 2-3 fürsətdən yararlana bilmədik. Ruhdan düşməməli, yolumuza davam etməliyik. Çox şeylərlə mübarizə aparırıq. Son oyunlarda bizə qarşı olan hakim səhvlərindən əziyyət çəkirik. Çox istərdim ki, Hakimlər Komitəsinin sədri bugünkü epizoda şərh bildirsin. Açıq əl necə olur? Belə penaltilər çox verilib. Eyni epizoddan başqa komandalar penaltilər vurub. Desinlər ki, bu oyunda sizin şansınız yoxdur. Bəlkə də biz qaydaları bilmirik.

Heç kimi ittiham etmək istəmirəm. Keçən oyunda bizə lazımsız sarı vərəqələr verildi. Həmin matçda Mert Çelik Belaydi Pusini döyürdü. Amma heç bir vərəqə verilmədi. Qərəz olub-olmadığını bilmirəm. Amma görünən odur ki, 3-4 oyundur bizə qarşı səhvlər olur. Mənim bildiyim odur ki, bugünkü epiozd penaltidir. “Turan Tovuz”la matçda qapımıza verilən 11 metrlik cərizə zərbəsi ilə bunu müqayisə edin. Yəqin ki, büdcəyə, iddiaya baxırlar. Uşaqların haqqına girirlər.

Hədəfimiz Premyer Liqada qalmaqdır. Heyətdən gileylənmirik. Bunları gözləyirdik. Büdcəmizə uyğun heyət qurmuşuq. Əlbəttə yetərli deyil. Hər məşqçi heyətinin geniş olmasını istəyər”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: