Azərbaycan çempionu “Qarabağ”a rəhbərlik edən Qurban Qurbanov dünyanın ən güclü məşqçilərinin reytinq siyahısında geriləyib.
Arena.az xəbər verir ki, bu gün dünyanın ən güclü məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Siyahıda planetin 500 ən güclü mütəxəssisi yer alıb. Cədvəldə yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1649 xala malikdir. O, dünyada 155-cidir. 52 yaşlı mütəxəssis ötən cədvəldəki mövqeyini əldən verib. 9 xal itirən Qurbanov 15 pillə geriləyib.
“Turan Tovuz”un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1790 xalla dünyada 59-cudur. O, 2 pillə geri düşüb.
Millimizi çalışdıran Fernando Santos 1624 xalla siyahıda 191-cidir. O, 8 pillə geriləmə yaşayıb.
Qeyd edək ki, siyahıya “Mançester Siti”nin 2242 xala malik çalışdırıcısı Xosep Qvardiola başçılıq edir.
Yeri gəlmişkən, Avropanın top komandalarının da reytinq siyahısı açıqlanıb. Azərbaycan “Top-100”də bir klubla təmsil olunub.
“Qarabağ” qitədə 63-cüdür. Qurban Qurbanovun komandasının hesabında 276 xal var.
Azərbaycan çempionunun Avropa Liqasındakı növbəti rəqibi “Bodo Qlimt” də 100 ən yaxşı arasındadır. 164 xala malik Norveç klubu “Qarabağ”dan 23 addım geridədir.
Qeyd edək ki, siyahıya 2409 xala malik “Real” başçılıq edir.
Xatırladaq ki, Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın “sükanı arxası”nda çalışır. 52 yaşlı mütəxəssis Ağdam klubu ilə dəfələrlə ölkə çempionu olub, Azərbaycan kubokunu qazanıb, həmçinin avrokuboklarda çoxlu ilklərə və imza atıb. 17-ci mövsümdür “Qarabağ”ı çalışdıran Qurbanov ölkə çempionatları tarixində həm eyni komandada, həm də ümumilikdə ən çox oyun keçirən baş məşqçidir.


