Harri Keyn: “Sizsiz bu, mümkün olmazdı!”

“Bayern”in hücumçusu Harri Keyn 2023/2024-cü illər mövsümünün ən məhsuldar futbolçusu kimi “Gerd Müller Mükafatı”nı qazanmasını şərh edib.

Arena.az məlumat verir ki, ingilis hücumçu bu barədə özünün rəsmi “X” sosial şəbəkə hesabı üzərindən yazıb:

“Qollarla dolu 2023/2024-cü illər mövsümü üçün “Gerd Müller Mükafatı”nı aldığım əlamətdar axşamdır. Bütün heyətə və komanda yoldaşlarıma təşəkkür edirəm. Sizsiz bu, mümkün olmazdı! Mən həm də aldığım xoş ismarışları və şərhləri çox yüksək qiymətləndirirəm”, – Keyn paylaşıb.

Xatırladaq ki, Keynlə yanaşı, müvafiq mükafata “Real”ın fransalı ulduz hücumçusu, ötən mövsüm PSJ-də çıxış etmiş Kilian Mbappe də layiq görülüb. Hər iki futbolçunun hər biri ötən mövsümü 52 qolla başa vurub.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 12 oyuna çıxıb, 15 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib. Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 57 oyun, 59 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 101 oyuna 68 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində hələ, bir qənimət belə, qazana bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: