A Seriyasında qalmaqal böyüyür: “qumarbazlar” ələ keçdilər

İtaliya A Seriyasında mərc qalmaqalı böyüməkdə davam edir, adlı-sanlı klubların bir çox futbolçusu istintaqa cəlb edilib.

Arena.az xəbər verir ki, İtaliya kütləvi informasiya vasitələrində gündəm olmuş bu məsələ hətta siyasi xəbərləri belə, üstələyib.

Daha əvvəl “Yuventus”un futbolçusu Nikolo Facoli öz səhvini etiraf edib. Ardınca kələfin bir ucu İtaliya yığmasının futbolçuları – Sandro Tonali və Nikolo Zaniolaya gedib çıxıb. Adı çəkilən “qəhrəmanlar” gecə ilə İtaliya yığmasının düşərgəsindən polis idarəsinə, ifadə vermək üçün çağırılıblar.

İlkin istintaq fəaliyyəti onlarla futbolçunun, həmçinin futbolla əlaqəli şəxslərin qeyri-qanuni mərc platformalarında qanunsuz mərc qoyuluşları etdiyini ortaya çıxarıb. Vurğulayaq ki, müvafiq əməlin cəzası, ən azı 1 ildən 3 ilə qədər diskvalifikasiya ilə yanaşı, pul cəriməsi və hətta təqsirkarın futboldan ömürlük kənarlaşdırılması ilə nəticələnə bilər.

İtaliyan futbolçuların oyunlarda qanunsuz mərc etməkdə iştirakından ilk danışmış şəxs – jurnalist Fabrisio Korona müvafiq fəaliyyətlərdə iştirak etmiş bütün oyunçuların siyahısını açıqlayıb.
Siyahını diqqətinizə çatdırırıq:

Mattia Zakkanyi, Manuel Lazzari, Nikolo Rovella, Luka Pelleqrini (hamısı “Latsio”)
Nikolo Facoli, Federiko Qatti (hər ikisi “Yuventus”)
Nikola Zalevski, Canluka Mançini (hər ikisi “Roma”)
Nikolo Barella, Davide Frattezi (hər ikisi “İnter”)
Luka Zanimaçça, Feliks Afena-Qyan (hər ikisi “Kremoneze”)
Nikolo Zaniolo (“Aston Villa”)
Sandro Tonali (“Nyukasl”)
Alessandro Florensi (“Milan”)
Domeniko Berardi (“Sassuolo”)
Antonio Qallo (“Leççe”)

Xüsusilə, jurnalist Koronada bu futbolçuların həqiqətən qanunsuz mərc etdiklərini sübut edən məlumatların olduğu və jurnalistin artıq, hüquq-mühafizə orqanları ilə bu məsələ üzrə əməkdaşlığa başladığı bildirilir.