Aaron Ramsdeyl “Arsenal”ı “Sauthempton”a dəyişdi

İngiltərə millisinin və “Arsenal”ın qapıçısı Aaron Ramsdeyl bundan sonra “Sauthempton”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Sauthempton”un rəsmi saytına istinadən xəbər verir.

Sözügedən klub 21,4 milyon avro müqabilində ingilis qolkiperi tamhüquqlu əsasda öz heyətinə qatıb. 26 yaşlı qolkiper yeni klubu ilə 4+1 illik müqavilə bağlayıb.

Xatırladaq ki, Aaron Ramsdeyl “Arsenal”a 2021-ci ilin avqust ayında “Şeffild Yunayted” klubundan 28 milyon avro qarşılığında keçmişdi. O, “topçular”ın heyətində 89 oyuna çıxıb. Bu görüşlərdə 99 qol buraxmış qolkiper 32 matçda da qapısının toxunulmazlığını qorumağı bacarıb.

Ramsdeyl daha öncə “Şeffild Yunayted”, “Bornmut”, “Uimbldon” və “Çesterfild” kimi klubların da formasını geyinib. O, 2021-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə millisində də 5 oyun keçirib, 6 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb.

“Sauthempton” “Nyukasl”ın sol vingeri Rayan Freyzeri də heyətinə qatıb. Azad agent statusuna malik 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. “Aberdin”, “Bornmut”, “İpsviç Taun”, kimi klublarda da oynamış futbolçu “Nyukasl”da 59 oyuna 3 qol və 5 assist müəllifi olub. O, ötən mövsümü məhz “Sauthempton”da icarədə keçirib – 44 oyun, 8 qol və 3 assist. Freyzer Şotlandiya yığmasında 25 oyuna 4 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.

“Nyukasl” sağ cinah müdafiəçisi Harrison Eşbini də KPR-ə icarəyə verib. 22 yaşlı şotlandiyalı futbolçu bu mövsümün sonunadək icarədə olacaq. “Vest Hem”in yetirməsi olan Harrison, “Nyukasl”ın əsas komandasında hələ debüt şansı qazanmayıb.

“Sauthempton” Alkarası 18 milyon avroya satdı

“Sauthempton”da da iki ayrılıq yaşanıb. Sözügedən klub argentinalı mərkəz yarımmüdafiəçisi Karlos Alkarası “Flamenqo”ya satıb. Braziliya klubu bu keçidə görə “Sauthempton”a 18 milyon avro ödəyib. 21 yaşlı argentinalı futbolçu yeni klubu ilə 2029-cu ilin 30 iyununa kimi anlaşıb.

“Sauthempton” Argentinanın “Rasinq” klubunun yetirməsi olan Karlos Alkarası 2023-cü ilin yanvarında 13,65 milyon avroya transfer etmişdi. O, ötən mövsümün ikinci dövrəsini “Yuventus”da icarədə keçirib – 12 oyun, 1 assist. Alkaras “Sauthempton”da da 48 oyun keçirib, 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

“Sauthempton” 20 yaşlı yarımmüdafiəçisi Şey Çarlzı da “Şeffild Uensdey”ə icarəyə verib. O, bu mövsümün sonunadək icarədə olacaq. “Mançester Siti”nin yetirməsi olan futbolçu 2023-cü ilin yayında 12,25 milyon avro qarşılığında keçdiyi “Sauthemtpon”da 38 oyuna çıxıb, fərqlənə bilməyib. Çarlz 2022-ci ilin yayında debüt etdiyi Şimali İrlandiya yığmasında da 17 oyun keçirib.