Futbol üzrə İngiltərə milli komandasının və “Arsenal”ın qapıçısı Aaron Ramsdeyl London klubu ilə yeni müqavilə imzalayıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
25 yaşlı qapıçı ilə yeni müqavilənin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2025-ci ilin 30 iyununa qədər idi. Yeni müqaviləyə əsasən, ingilis qapıçı əvvəlkindən iki dəfə çox – həftəyə 120 min funt sterlinq qazanacaq.
Xatırladaq ki, Aaron Ramsdeyl “Arsenal”a 2021-ci ilin avqust ayında “Şeffild Yunayted” klubundan 28 milyon avro qarşılığında keçib. O, indiyə qədər “topçular”ın heyətində 76 oyuna çıxıb. Bu görüşlərdə 86 qol buraxmış ingilis qolkiper 28 matçda da qapısının toxunulmazlığını qorumağı bacarıb.
Ramsdeyl daha öncə “Şeffild Yunayted” (46 oyun, 72 buraxılmış qol, 8 “quru” oyun), “Bornmut” (37 oyun, 62 buraxılmış qol, 5 “quru” oyun), “Uimbldon” (23 oyun, 31 buraxılmış qol, 7 “quru” oyun) və “Çesterfild” (19 oyun, 33 buraxılmış qol, 2 “quru” oyun) kimi klubların da formasını geyinib.
Ramsdeyl İngiltərə millisində də 3 oyun keçirib.