Türkiyənin “Adana Dəmirspor” klubu heyətini üç yeni hücum oyunçusu – Abat Aymbetov, Nabil Aliu və Stiven Mendosa ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bu qış xeyli oyunçusu ilə yollarını ayırmaq məcburiyyətində qalan Adana təmsilçisi onların əvəzində heyətinə yeni futbolçular cəlb edib. Onlardan biri Abat Aymbetovdur. “Astana”dan azad agent kimi ayrılan, Qazaxıstan yığmasının da üzvü olan 28 yaşlı mərkəz forvardı ilə 1,5 + 1 il müddətinə müqavilə imzalanıb.
Abat Aymbetov “Aktobe”nin yetirməsidir. Təcrübəli hücumçu “Kayrat” və “Astana”da da oynayıb. 2021-ci ildən “Astana”da olan forvard bu komandada 91 oyuna 26 qol vurub, 6 assist edib. O, Qazaxıstan yığmasında 35 oyuna 9 qol vurub.
Nabil Aliui “Adana Dəmirspor”a Fransanın “Havr” klubundan gəlib. Əlsən Mərakeşdən olan fransalı sol cinah vingeri Türkiyə klubu ilə 2,5 + 1 illik anlaşıb. “Monako”nun yetirməsi olan Aliu “Brügge”də də oynayıb. O, 2020-ci ildən formasını geyindiyi “Havr”da 109 oyuna çıxıb, 19 qol vurub, 9 assistlə yadda qalıb. Nabil Fransanın aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
Stiven Mendosa isə “Adana Dəmirspor”a Braziliyanın “Santos” klubundan azad agent kimi keçib. Kolumbiyalı sol cinah vingeri yeni klubu ilə də 2,5 + 1 illik müddətə müqavilə imzalanıb. Kolumbiya yığmasında 2 oyun keçirmiş 31 yaşlı futbolçu karyerası ərzində “Enviqado”, “Amerika Kali”, “Kukuta Deportivo”, “Deportivo Kali”, “Çennayin”, “Nyu York Siti”, “Bahia”, “Amyen”, “Seara” kimi klubların da formasını geyinib. O, 2023-cü ilin yanvarından formasını geyindiyi “Santos”da 45 oyuna 10 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Qalatasaray”ın sabiq ispan futbolçusu da Şahruddinin komanda yoldaşı oldu
Fransanın “Nitsa” klubundan ayrılan Yusef Atal da “Adana Dəmirspor”a keçib. İsraillə müharibə şəraitində olan Fələstinə dəstək nümayiş etdirdiyi üçün Fransada böyük təzyiqlərlə üzləşən, həbs olunan, hətta məhkəmə qarşısına çıxarılan əlcəzairli futbolçu yekunda bu ölkəni tərk etmək məcburiyyətində qalıb o, Türkiyəyə üz tutub və “Adana Dəmirspor”la müqavilə bağlayıb. 27 yaşlı sağ cinah müdafiəçisi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Peşəkar karyerasına “Paradu”da başlamış Yusef Atal, “Kortreyk”də də oynayıb. O, 2018-ci ildən formasını geyindiyi “Nitsa”da 115 oyuna çıxıb, 12 qol vurub, 8 assist edib.
“Adana Dəmirspor” iki mərkəz yarımmüdafiəçisi – Maestro və Xose Rodriqesi də heyətinə qatıb. Portuqaliyanın “Benfika” klubundan heyətə cəlb olunmuş 20 yaşlı Maestro ilə 2,5 + 1 il müddətinə müqavilə imzalanıb. Tam adı Antonio Simao Muansa olan anqolalı futbolçu daha öncə Portuqaliyada “Eştrela”nın da şərəfini qoruyub. O, Anqola yığmasında da 1 oyun keçirib.
Xose Rodriqes isə İsrailin “Hapoel” (Təl-Əviv) klubundan 300 min avro qarşılığında transfer edilib. İspaniyadan olan 29 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb. Madrid “Real”ının yetirməsi olan futbolçu 2015/2016 mövsümündə “Qalatasaray”ın da formasını geyinib (23 oyun, 2 assist). “Deportivo” (La Korunya), “Maynts”, “Malaqa”, “Makkabi” (Təl-Əviv), “Fortuna Sittard”, “Fuenlabrada”, “Makkabi” (Hayfa), “Yunion” kimi klubların da formasını tərlətmiş Xose Rodriqes bu mövsümün əvvəlində qoşulduğu Təl-Əviv “Hapoel”ində 12 oyuna cəmi 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sonda onu da xatırladaq ki, “Adana Dəmirspor”da Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev də forma geyinir.